Turş kələm hazırlayarkən onun nə qədər müddət otaq temperaturunda saxlanılması və nə vaxt soyuducuya yerləşdirilməsi vacib məqamlardandır. Vaxtından əvvəl soyuducuya qoyulan kələm tam fermentasiya olunmaya, həddindən artıq isti şəraitdə saxlanılan isə dadını və xırtıldayan quruluşunu itirə bilər.
Demokrat.az xəbər verir ki, Ukraynanın UNIAN nəşri turş kələmin hazırlanma müddəti və hazır olduğunu müəyyənləşdirməyin yolları barədə tövsiyələr dərc edib.
Məlumata görə, kələmin fermentasiya müddəti əsasən otaq temperaturundan və hazırlanma miqdarından asılıdır. Temperatur 20-22 dərəcə olduqda proses adətən üç gün çəkir. Təxminən 18 dərəcə temperaturda isə bu müddət 4-5 günə qədər uzana bilər. Bəzi hallarda kələmin tam hazır olması üçün 5-7 gün tələb olunur.
Hazırlıq zamanı bir neçə vacib qaydaya əməl etmək lazımdır. Belə ki, fermentasiyanın ikinci günündən etibarən kələmi gündə 2-3 dəfə taxta qaşıq və ya digər uyğun alətlə deşərək yığılmış qazı çıxarmaq tövsiyə olunur. Bu, kələmdə acı dadın yaranmasının qarşısını almağa kömək edir.
Digər vacib məqam isə kələmin tamamilə duzlu suyun altında qalmasıdır. Əks halda tərəvəz bərabər şəkildə fermentasiya olunmaya bilər.
Kələmin hazır olduğunu necə müəyyənləşdirmək olar?
Mütəxəssislərin tövsiyələrinə görə, kələm əvvəlki rəngindən bir qədər açıq görünməyə başlayanda və üzərindəki köpük demək olar ki, yoxa çıxanda fermentasiya prosesinin tamamlanmasına yaxınlaşdığı anlaşılır.
Bundan əlavə, kələmin dadına baxmaq da məsləhət görülür. Əgər xoş, turşməzə dad alıbsa, onu qapaqla örtərək soyuducuya yerləşdirmək olar.
Soyuq temperatur fermentasiya prosesini xeyli yavaşladır və kələmin dadını, eləcə də xırtıldayan quruluşunu daha uzun müddət qorumağa kömək edir.


