Dünyanın ən böyük müqaviləli çip istehsalçısı TSMC süni intellekt sektorunda mövqelərini genişləndirməyə hazırlaşır. Şirkət "Anthropic" və "OpenAI"yə ümumilikdə 1 milyard dollara qədər investisiya yatıracaq.
Demokrat.az xəbər verir ki, bu barədə "CHIP" nəşri məlumat yayıb.
Məlumata görə, TSMC-nin Direktorlar Şurası "Anthropic"in səhmlərinin ilkin kütləvi təklif (IPO) qiyməti ilə alınmasına 500 milyon dollara qədər vəsait ayırmağı təsdiqləyib. Şirkət eyni zamanda "OpenAI"nin imtiyazlı səhmlərinə də 500 milyon dollara qədər investisiya yatıracaq.
Bu qərar "Anthropic"in birjaya çıxmaq planının təfərrüatlarını açıqladığı vaxta təsadüf edib.
"Anthropic" 64,4 milyard dollar cəlb etməyi hədəfləyir
Şirkət ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim etdiyi yenilənmiş sənədlərdə IPO-nun şərtlərini açıqlayıb. Nasdaq birjasında ANT tickeri ilə ticarətə çıxması planlaşdırılan "Anthropic" hər biri 70-78 dollar arasında qiymətləndirilən 825 milyon səhm satışa çıxarmağı nəzərdə tutur.
Qiymət intervalının yuxarı həddi əsasında hesablandıqda, IPO-dan təxminən 64,4 milyard dollar vəsait cəlb edilə bilər. Məlumata görə, şirkət səhm qiymətini noyabrın 18-də müəyyənləşdirməyi, ticarətə isə noyabrın 19-da başlamağı planlaşdırır.
Diqqətçəkən məqamlardan biri də səhmlərin təxminən 20 faizinin fərdi investorlara ayrılmasının nəzərdə tutulmasıdır. Bu göstərici iri IPO-lar üçün qeyri-adi dərəcədə yüksək hesab olunur.
Şirkətin dəyəri 1,4 trilyon dollara çata bilər
"Anthropic"in bazar dəyəri ilə bağlı fərqli rəqəmlərin gündəmə gəlməsi də diqqət çəkir. Söhbət təxminən 1 trilyon, 1,3 trilyon və 1,4 trilyon dollarlıq qiymətləndirmələrdən gedir.
Bu fərq şirkətin dəyərinin hesablanma üsulu ilə bağlıdır. Dövriyyədə olacaq təxminən 13,09 milyard səhm əsasında hesablandıqda bazar dəyəri 916 milyard-1,02 trilyon dollar arasında dəyişir. İşçilərə verilmiş opsionlar və gələcəkdə səhmlərə çevrilə biləcək digər hüquqlar da nəzərə alındıqda isə göstərici 1,4 trilyon dollara yüksələ bilər.
Bu, şirkətin may ayında keçirilən maliyyələşmə raundunda əldə etdiyi 965 milyard dollarlıq qiymətləndirmədən yüksəkdir. Bununla belə, bir neçə həftə əvvəl səsləndirilən 2 trilyon dollarlıq gözləntidən aşağıdır.
Google və Nvidia da böyük investisiyalara hazırlaşır
"Anthropic"in IPO prosesi ilə paralel olaraq yeddi strateji tərəfdaşa ümumilikdə 26 milyard dollarlıq səsvermə hüququ olmayan səhmlərin satılması da planlaşdırılır.
Məlumata görə, "Google" və "Nvidia"nın hər birinin təxminən 10 milyard dollar, AMD-nin 2,5 milyard dollar, "Broadcom", "Micron" və "Microsoft"un hər birinin 1 milyard dollar, TSMC-nin isə 500 milyon dollar həcmində səhm alması gözlənilir.
Şirkət IPO və strateji investorlarla razılaşmalar nəticəsində ümumilikdə təxminən 84,6 milyard dollar vəsait əldə etməyi hədəfləyir. Bu pulun əsasən hesablama gücünün artırılmasına, texnoloji infrastrukturun qurulmasına və digər korporativ ehtiyaclara yönəldilməsi nəzərdə tutulur.
Qeyd edək ki, TSMC Direktorlar Şurası süni intellekt sektorundakı investisiyalarla yanaşı, istehsal gücünün genişləndirilməsi üçün də təxminən 40,9 milyard dollarlıq büdcəni təsdiqləyib. Vəsait yeni zavodların tikintisi, qabaqcıl çip və qablaşdırma texnologiyaları, eləcə də 2027-ci il üzrə tədqiqat və inkişaf xərclərini əhatə edir.
"OpenAI" də IPO üçün məxfi müraciət etsə də, hələlik birjaya çıxışın şərtlərini açıqlamayıb.


