"Apple" süni intellekt sahəsində rəqiblərindən geri qaldığına dair tənqidlər fonunda bu istiqamətdə fəaliyyətini sürətləndirməyə hazırlaşır.
Demokrat.az xəbər verir ki, "Bloomberg"in texnologiya yazarı Mark Qurmanın məlumatına görə, sentyabr ayında CEO vəzifəsinə keçən yeni rəhbər proqram təminatı bölməsinin rəhbəri Kreyq Federiqiyə süni intellekt sahəsində işlərin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.
Bildirilir ki, "Google" və "Microsoft" süni intellekt texnologiyalarına böyük investisiyalar yatırdığı halda, "Apple" bu sahədə daha ehtiyatlı mövqe tutub. Şirkət, xüsusilə, "Siri" səsli köməkçisinin imkanlarını rəqiblərinin məhsulları səviyyəsində inkişaf etdirməkdə çətinlik çəkib.
Apple-ın əsas hədəfi "Siri"ni istifadəçilərin müxtəlif gündəlik işlərini müstəqil şəkildə yerinə yetirə bilən daha funksional şəxsi köməkçiyə çevirməkdir.
Qeyd edək ki, şirkətin yeni strategiyası süni intellekt bazarında mövqelərini gücləndirmək və rəqiblərlə texnoloji fərqi azaltmaq məqsədi daşıyır.


