Apple şirkətinin iPhone klaviaturasında avtomatik təklif edilməyən on minlərlə söz və ifadədən ibarət gizli siyahı saxladığı üzə çıxıb. Siyahıda təkcə söyüş və təhqiramiz ifadələr deyil, siyasi və ictimai məzmunlu söz birləşmələri də yer alır.
Demokrat.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Müstəqil araşdırmaçı Derik Kauffmanın aşkarladığı siyahının təxminən 100 min söz və ifadəni əhatə etdiyi bildirilir. Buraya ABŞ siyasətçiləri ilə bağlı "Diktator Tramp" və "Yuxulu Co", eləcə də "Tibetin müstəqilliyi" və "Birləşmiş İrlandiya" kimi ifadələr daxildir.
Məsələn, iPhone klaviaturasında "Yuxulu Co" ifadəsini sürüşdürərək yazmağa çalışdıqda sistem "Yuxulu ümid", "Birləşmiş İrlandiya" yazıldıqda isə "Birləşmiş İslandiya" variantını təklif edə bilir. "Diktator Tramp" ifadəsi də avtomatik təkliflərdə əks olunmur.
Araşdırmaçının sözlərinə görə, siyahıdakı ifadələrin böyük hissəsi söyüş, təhqir, narkotik vasitələr, cinsi məzmun və zorakılıqla əlaqəlidir. Bununla yanaşı, bəzi siyasi və mübahisəli ictimai mövzularla bağlı ifadələrin də filtrə düşməsi diqqət çəkir.
"Reuters" jurnalistləri aşkarlanan ifadələrin bir qismini iPhone-da yoxlayıblar. Sınaqlar zamanı həmin sözlərin avtomatik təkliflərdə görünmədiyi və ya sürüşdürərək yazılmasının çətinləşdiyi müşahidə olunub.
Apple isə araşdırmada göstərilən siyahının həcmi və konkret tərkibi ilə bağlı detallı açıqlama verməyib. Şirkət bildirib ki, iPhone klaviaturası uyğunsuz və təhqiramiz hesab edilə biləcək sözləri avtomatik təklif etməmək üçün hazırlanıb. Bununla belə, istifadəçilər istədikləri ifadələri əl ilə yaza və klaviaturanın təkliflərini dəyişə bilərlər.
Beləliklə, sözügedən siyahı sözlərin yazılmasına qadağa qoymur, sadəcə onların avtomatik tamamlanması və təklif edilməsi imkanlarını məhdudlaşdırır.


