İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın "Dəmir qapılar" (Iron Gate) adlı yeni planının ölkə iqtisadiyyatını çökdürmək məqsədinə çatmayacağını bəyan edib.
Demokrat.az xəbər verir ki, bu barədə SEPAH-ın nümayəndəsi Hüseyn Möhibi Fars agentliyinə açıqlamasında bildirib.
Möhibinin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yaratdığı yeni işçi qrup Vaşinqtonun İrana qarşı iqtisadi təzyiq siyasətinin nəticə verməsini təmin edə bilməyəcək.
"Dəmir qapılar" planını söz oyunu adlandıran SEPAH nümayəndəsi bu təşəbbüsün İran iqtisadiyyatını çökdürə bilməyəcəyini deyib.
O, ABŞ-ın daha əvvəl İran iqtisadiyyatının iki həftə ərzində çökəcəyini proqnozlaşdırdığını, lakin bunun reallaşmadığını da iddia edib.
Qeyd edək ki, noyabrın 7-də ABŞ Mərkəzi Komandanlığı İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiyaya məruz qalan materialların daşınmasının qarşısını almaq məqsədilə "Task Force Iron Gate" adlı işçi qrupun yaradıldığını açıqlayıb.
Tampa şəhərində yerləşəcək və təxminən 20 hərbi və mülki əməkdaşdan ibarət olacaq qrupun digər ABŞ dövlət qurumları ilə koordinasiyalı fəaliyyət göstərməsi nəzərdə tutulur. Təşəbbüsün məqsədlərindən biri də qanunsuz gəlir axınlarının qarşısını almaqdır.


