Xüsusi qanun və ya qaydalarla tənzimlənən məsələlərə bəzi hallarda vətəndaşlar tərəfindən süni intellekt vasitəsilə müdaxilə edilir. Bu cür müdaxilələr qanunvericiliyin tələblərinin pozulmasına və müxtəlif hüquqi problemlərin yaranmasına səbəb ola bilər.
Bəs qanun və qaydalarla tənzimlənən məsələlərə süni intellekt vasitəsilə müdaxilə edən şəxslər hansı hallarda məsuliyyətə cəlb oluna bilərlər? Bu cür əməllərə görə qanunla nəzərdə tutulmuş cəza varmı?
Hüquqşünas Elnur Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellekt texnologiyalarının geniş yayılması nəticəsində qanunvericiliklə və xüsusi normativ hüquqi aktlarla tənzimlənən məsələlərə həmin texnologiyalar vasitəsilə müdaxilə halları da artmaqdadır.

Onun sözlərinə görə, belə müdaxilələrə rəsmi sənədlərin, dövlət rəmzlərinin, yol nişanlarının, hüquqi qüvvəyə malik məlumat və təsvirlərin süni intellekt vasitəsilə dəyişdirilməsi, təhrif olunması və ya reallığa uyğun olmayan formada təqdim edilməsi misal ola bilər:
"Qeyd edilməlidir ki, süni intellektdən istifadə etməklə hər hansı məlumatın, təsvirin və ya sənədin dəyişdirilməsi özlüyündə hüquq pozuntusu hesab edilmir. Lakin bu vasitədən istifadə etməklə qanunvericiliyin tələblərinin pozulması, rəsmi məlumatların saxtalaşdırılması, şəxslərin hüquq və qanuni mənafelərinə zərər vurulması, dövlət orqanlarının və ya digər səlahiyyətli qurumların fəaliyyətinə qanunsuz müdaxilə edilməsi hüquqi məsuliyyət yarada bilər. Belə hallarda məsuliyyətin növü və həddi süni intellektdən istifadə faktına görə deyil, törədilmiş əməlin hüquqi mahiyyətinə, məqsədinə, nəticələrinə və şəxsin təqsirinə əsasən müəyyən edilir. Əməlin xüsusiyyətlərindən asılı olaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə inzibati, mülki və ya cinayət məsuliyyəti tətbiq oluna bilər".
Elnur Məmmədov vurğulayıb ki, süni intellekt vasitəsilə hazırlanmış və ya dəyişdirilmiş materialların yayılması digər şəxsləri yanıltmaq, ictimai qaydanı və təhlükəsizliyi pozmaq, qanuni prosedurları təhrif etmək və ya hüquqi nəticələr doğuran məlumatları saxtalaşdırmaq məqsədi daşıyırsa, belə hərəkətlər müvafiq hüquqi qiymətləndirməyə cəlb edilməlidir:
"Hər bir halda şəxsin məsuliyyətə cəlb edilməsi üçün konkret əməlin qanunla müəyyən edilmiş hüquq pozuntusunun və ya cinayətin tərkibini yaratması zəruridir".


