Türkiyənin məşhur serialı "Öyle Bir Geçer Zaman Ki"də ana və oğulu canlandıran Ayça Bingöl və Emir Berke Zincidi illər sonra eyni fotoda görüntüləniblər. Onların birlikdə çəkdirdiyi şəkil sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə serialda Kiçik Osman obrazı ilə tanınan Emir Berke Zincidinin indiki görünüşü diqqət çəkib.
Demokrat.az xəbər verir ki, bu barədə "Onedio" məlumat yayıb.
2010-cu ildə "Kanal D" telekanalında yayımlanmağa başlayan və 2013-cü ilə qədər davam edən serial ümumilikdə 120 bölümdən ibarət olub. 1960-cı illərin İstanbulunda bir ailənin dağılması və yenidən ayağa qalxmaq mübarizəsindən bəhs edən ekran əsərində Ayça Bingöl Cemile, Erkan Petekkaya isə Ali Kaptan obrazını canlandırıb.
Serialın ən yaddaqalan personajlarından biri isə ailənin ən kiçik övladı Osman olub. Həmin vaxt beş yaşı tamam olmayan Emir Berke Zincidi anasına sarıldığı və ağladığı səhnələrlə tamaşaçıların yaddaşında xüsusi yer tutub.
2005-ci il oktyabrın 4-də anadan olan aktyor hazırda 21 yaşındadır. Onun illər əvvəlki uşaq obrazından xeyli fərqli görünüşü sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib. Ayça Bingöl də keçmiş ekran oğluyla birlikdə çəkdirdiyi fotoda səmimi təbəssümü ilə marağa səbəb olub.
Serialdan sonra da aktyorluq fəaliyyətini davam etdirən Emir Berke Zincidi "Küçük Ağa", "Bir Deniz Hikayesi" və "İkizler Memo-Can" kimi layihələrdə rol alıb. O, son olaraq "Efes'in Sırrı" filminin heyətində yer alıb.
Ayça Bingöl isə Cansu Tosunla baş rolları bölüşdüyü "Tatlı Maya" filmi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır. Biket İlhanın rejissoru olduğu ekran əsərinin noyabrın 20-də kinoteatrlarda nümayiş olunması planlaşdırılır.



