2027-ci il Şərq təqviminə görə Keçi ili olacaq. Çin astrologiyasında bu bürc sülhsevərlik, mehribanlıq, yaradıcılıq və həssaslıq kimi xüsusiyyətlərlə əlaqələndirilir. Astroloqların fikrincə, Keçi ilində doğulan insanlar emosional zəkaları, diplomatik yanaşmaları və kompromis tapmaq bacarıqları ilə seçilirlər.
Demokrat.az xəbər verir ki, bu barədə UNIAN-a astroloq İrina Nijnik danışıb.
Mütəxəssisin sözlərinə görə, Keçi Şərq təqvimində sakitliyə və sabitliyə üstünlük verən, şəraitə uyğunlaşmağı bacaran simvollardan biridir. Bu işarə altında doğulan insanlar çətin vəziyyətlərdə belə daxili dözümlülüklərini qoruyub saxlaya bilirlər. Onlar eyni zamanda gözəlliyə, incəsənətə və yaradıcılığa xüsusi maraq göstərirlər.
Keçi ilində doğulanların əsas müsbət xüsusiyyətləri arasında mehribanlıq, həssaslıq, güclü təxəyyül və insanlarla ünsiyyət qurmaq bacarığı yer alır. Astroloq qeyd edib ki, bu şəxslər münaqişələrdən qaçmağa, münasibətlərdə tarazlığı qorumağa və qarşı tərəfi anlamağa çalışırlar.
Bununla yanaşı, onların bəzi zəif cəhətləri də var. Belə ki, həddindən artıq emosional olmaq, qərar verməkdə tərəddüd etmək və başqalarının sözlərini ürəklərinə salmaq bu insanların əsas mənfi xüsusiyyətləri hesab olunur. Onlar uğursuzluqları uzun müddət düşünə, öz qabiliyyətlərinə şübhə ilə yanaşa və çətin qərarları təxirə sala bilərlər.
2027-ci il Od Keçisi ili olacaq
Astroloqun sözlərinə görə, 2027-ci il yalnız Keçi simvolu ilə deyil, həm də Od ünsürü və qırmızı rənglə əlaqələndirilir. Bu amillərin həmin il doğulan uşaqların xarakterinə daha çox enerji, cəsarət və emosional ifadəlilik qatacağı iddia edilir.
Belə uşaqların yaradıcı potensiala malik, hisslərini açıq ifadə edən, istedadlarını nümayiş etdirməyə və diqqət mərkəzində olmağa meyilli olacaqları proqnozlaşdırılır.
Qeyd edək ki, Şərq təqviminə əsasən, Keçi illəri hər 12 ildən bir təkrarlanır. Sonuncu belə illər 1955, 1967, 1979, 1991, 2003 və 2015-ci illər olub. Çin ənənəsində bu heyvan bəzən Qoyun kimi də adlandırılır.


