Arıqlamaq istəyənlərin əksəriyyəti ilk növbədə qidalanmasını məhdudlaşdırır, şirniyyatdan imtina edir, kaloriləri hesablayır və axşam saat 18:00-dan sonra yemək yeməməyə çalışır. Lakin bu yanaşmaların hamısı sağlam və effektiv çəki itkisinə səbəb olmur. Bəzi yanlış vərdişlər isə əksinə, orqanizmin ehtiyac duyduğu qida maddələrinin çatışmazlığına gətirib çıxara bilər.
Demokrat.az xəbər verir ki, Rusiyanın "Quberniya Daily" nəşri arıqlamaq istəyənlərin ən çox yol verdiyi yeddi səhvi açıqlayıb.
1. Yağlı qidalardan tamamilə imtina etmək
Bir çox insan yağlı məhsulların kökəlməyə səbəb olduğunu düşünərək onları rasionundan çıxarır. Halbuki sağlam yağlar orqanizm üçün vacibdir. Onlar dərinin və saçların vəziyyətinə müsbət təsir göstərir, bəzi xəstəliklərin riskini azaltmağa kömək edir. Bundan başqa, A, D və E vitaminlərinin mənimsənilməsi üçün də yağlar əhəmiyyətlidir.
Zeytun yağı, avokado, balıq, yumurta, qoz-fındıq və balqabaq tumları faydalı yağ mənbələri hesab olunur. Əsas məsələ onların miqdarını düzgün tənzimləməkdir.
2. Yalnız kalorilərə diqqət yetirmək
Kalori hesablanması çəki azaltmağa kömək edə bilər, lakin bu, arıqlama prosesində yeganə meyar deyil. Orqanizmin hormonal vəziyyəti, stress, sağlamlıq problemləri və qəbul edilən dərmanlar da çəkiyə təsir göstərə bilər.
Üstəlik, aşağı kalorili məhsulların hamısı faydalı deyil. Belə qidalanma bəzi hallarda orqanizmin zəruri vitamin və mineralları kifayət qədər qəbul etməməsinə səbəb ola bilər. Buna görə də fərdi kalori normasını mütəxəssislə müəyyənləşdirmək daha məqsədəuyğundur.
3. Tez-tez və az porsiyalarla qidalanmaq
Arıqlamaq istəyənlər arasında bir neçə saatdan bir az miqdarda yemək yeməyin daha faydalı olduğu düşüncəsi geniş yayılıb. Lakin tez-tez qəlyanaltı etməyin hər kəs üçün xüsusi üstünlüyü yoxdur.
Əsas məsələ qidalanma rejiminin insanın ehtiyaclarına uyğun olmasıdır. Bəzi insanlar üçün gün ərzində bir neçə dəfə normal porsiyalarla yemək daha rahat ola bilər. Bu, davamlı olaraq şirniyyat və digər qəlyanaltılara ehtiyac duyulmasının da qarşısını ala bilər.
4. Səhər yeməyini günün ən vacib qəbulu hesab etmək
Səhər yeməyində istənilən şirniyyatı yeməyin gün ərzində yandırılacağı fikri də düzgün yanaşma deyil. Eyni zamanda, qidaların yalnız hansı saatda yeyilməsi onların faydalılığını müəyyən etmir.
Səhər ac olan insanın yemək yeməsi, iştahı olmayan şəxsin isə səhər yeməyini bir qədər sonraya saxlaması mümkündür. Ancaq uzun müddət ac qalmaq hər kəs üçün uyğun deyil. Xüsusilə yeniyetmələr, hamilə qadınlar və bəzi xəstəlikləri olan şəxslər bu məsələdə diqqətli olmalıdırlar.
5. Karbohidratları minimuma endirmək
Karbohidratlar orqanizmin əsas enerji mənbələrindən biridir. Buna baxmayaraq, arıqlamaq istəyənlər çox vaxt onları tamamilə məhdudlaşdırmağa çalışırlar.
Burada əsas məsələ karbohidratın miqdarı ilə yanaşı, hansı məhsuldan əldə edilməsidir. Ağ çörək və şirniyyat kimi sadə karbohidratların qəbulunu azaltmaq məqsədəuyğun olsa da, paxlalılar və tam taxıllı çörək kimi liflə zəngin məhsullar sağlam qidalanmada mühüm yer tutur.
6. Smuziləri həmişə faydalı hesab etmək
Meyvə və tərəvəzlərdən hazırlanan smuzilər sağlam seçim ola bilər. Lakin onların faydası tərkibindən asılıdır. Xüsusilə mağazalarda satılan bəzi hazır içkilərdə çoxlu şəkər və yüksək miqdarda kalori ola bilər.
Belə içkilərin həddindən artıq istifadəsi çəki artımına və diş sağlamlığı ilə bağlı problemlərə səbəb ola bilər. Ev şəraitində göyərti, giləmeyvə və digər faydalı ərzaqlardan smuzi hazırlamaq daha yaxşı seçimdir.
7. Qısa müddətdə sürətlə arıqlamağa çalışmaq
Arıqlamaq istəyənlərin ən böyük səhvlərindən biri qısa müddətdə böyük nəticə əldə etməyə çalışmaqdır. Sərt pəhrizlər və kəskin qida məhdudiyyətləri sağlamlığa mənfi təsir göstərə bilər.
Mütəxəssislər çəkinin tədricən azaldılmasını, balanslı qidalanmanı, fiziki aktivliyi artırmağı və açıq havada daha çox vaxt keçirməyi tövsiyə edirlər. Əsas məqsəd yalnız tərəzidəki rəqəmi azaltmaq deyil, sağlamlığı qoruyaraq davamlı nəticə əldə etməkdir.


