2027-ci ili fərqli və dəbli geyimdə qarşılamaq istəyənlər üçün stilistlərin tövsiyələri açıqlanıb. Şərq təqviminə görə Odlu Keçi ilinin simvolik rəngləri hesab olunan qırmızı, narıncı, bordo və qızılı çalarlar Yeni il gecəsinin əsas seçimləri sırasında göstərilir.
Demokrat.az xəbər verir ki, bu barədə "Sterleqrad" nəşri məlumat yayıb.
Mütəxəssislərin fikrincə, 2027-ci ili qarşılamaq üçün qırmızı, narıncı, terrakota, mərcan və tünd bordo rənglərinə üstünlük vermək olar. Xüsusilə kəhrəba və sarı-narıncı çalarların gələn il dəbdə daha çox ön plana çıxacağı gözlənilir.
Bununla belə, başdan-ayağa parlaq rənglərə bürünmək vacib deyil. Məsələn, şərab rəngli don, narıncı kofta, qırmızı çanta və ya diqqətçəkən ayaqqabı ilə obrazı tamamlamaq mümkündür. Daha sakit görünüş istəyənlərə isə süd rəngi, krem, karamel və isti bej tonları tövsiyə olunur. Qızılı aksesuarlar belə geyimlərə xüsusi zəriflik qata bilər.
Parıltılı geyimlər dəbdə olacaq
Yeni il gecəsində qızılı rəngli parçalar, metal effektli geyimlər, strazlar və parıltılı detallardan istifadə etmək məsləhət görülür. "Vogue" nəşrinin 2027-ci ilin yaz kolleksiyaları ilə bağlı qiymətləndirməsində də qlamur üslubun, qızılı çalarların, metal parıltısının və lələklərin yenidən aktuallaşdığı qeyd olunur.
Lakin mütəxəssislər geyimdə tarazlığı qorumağı vacib sayırlar. Əgər donun özü parıltılıdırsa, iri boyunbağı, böyük sırğalar və diqqətçəkən çantanı eyni vaxtda istifadə etmək obrazı həddindən artıq yükləyə bilər.
Hansı parçalar və modellər seçilməlidir?
Məxmər, ipək, atlas, krujeva və yumşaq trikotaj 2027-ci ili qarşılamaq üçün uyğun seçimlər hesab olunur. Geyim formasına gəlincə, axıcı donlar, sərbəst biçimli kostyumlar, zərif kofta ilə yubka və ya klassik şalvarla tamamlanan parlaq bluzlar seçilə bilər.
Digər tərəfdən, gələn ilin moda tendensiyalarında fərdiliyin və qeyri-standart birləşmələrin ön plana çıxacağı gözlənilir. Narıncı, mavi, bənövşəyi, qırmızı və yaşıl rənglərin bir arada istifadəsi də dəb həvəskarlarının diqqətini çəkə bilər.
Hansı geyimlərdən uzaq durmaq lazımdır?
Stilistlər əsas səhvin bütün parlaq elementləri eyni obrazda birləşdirmək olduğunu bildirirlər. Qırmızı don, qızılı ayaqqabı, iri sırğalar, payetlər və parıltılı çanta ayrı-ayrılıqda gözəl görünsə də, birlikdə görüntünü ağırlaşdıra bilər.
Qeyd edək ki, Çin təqviminə əsasən, Odlu Keçi ili 2027-ci il yanvarın 1-də deyil, fevralın 6-da başlayacaq. Buna görə də Yeni il gecəsi üçün geyim seçimində bu simvolikanı məcburi qayda kimi deyil, əyləncəli ənənə kimi qəbul etmək tövsiyə olunur. Əsas məsələ bayram gecəsində həm rahat, həm də özünü gözəl hiss edəcəyin geyim seçməkdir.


