YapiKredi Müraciət Forması
Kriminal Özəl

Kafedə zarafatın axırı dava ilə bitdi — Məhkəmədə barışdılar

Kafedə zarafatın axırı dava ilə bitdi — Məhkəmədə barışdılar

Qusar rayonunda restoran mühafizəçisi ofisianta xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar-Şahdağ yolunun sol kənarında yerləşən restoranlardan birində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Aqil işlədiyi restoranda ofisiant Məmmədlə (adlar şərtidir – red.) mübahisə edib. Mübahisə zamanı mühafizəçi həmkarına yumruq zərbəsi endirərək xəsarət yetirib.

Aqil barəsində Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə ifadə verən Aqil özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Məmmədlə bir-birlərini tanıyırlar, aralarında əvvəllər heç bir ədavət və düşmənçilik olmayıb. Həmkəndli olan şəxslər eyni restoranda çalışıblar.

Aqilin sözlərinə görə, Məmməd 2026-cı ilin yanvar ayından Qusar-Şahdağ yolunun sol kənarında yerləşən restoranda ofisiant, özü isə mühafizəçi işləyib.

Təqsirləndirilən şəxs hadisəni belə təsvir edib:

"Hadisə günü saat 20 radələrində Məmmədlə restoranın 3 nömrəli kabinetində əyləşərək çay içməyə başladıq. Söhbət zamanı Məmməd qardaşına zəng etmək üçün mobil telefonumu istədi. Mən də telefonumu ona verdim. O, qardaşı ilə danışığını bitirdikdən sonra telefonu geri qaytardı.

Bundan sonra Məmmədlə zarafat etmək məqsədilə onun qardaşına öz telefonumdan bir neçə dəfə zəng etməyə başladım. Məmməd qardaşını narahat etməməyimi istədi. Bu sözündən əsəbiləşərək ona qışqırdım. Nəticədə aramızda mübahisə yarandı. Mübahisə zamanı ayağa qalxaraq Məmmədin sifət nahiyəsinə yumruq zərbəsi vurdum. Zərbənin təsirindən o, yerə yıxıldı və burnundan qan gəldi".

Aqil bildirib ki, hadisədən sonra restoranda ofisiant işləyən Amil oraya gələrək Məmmədə ayağa qalxmağa və üzünü yumağa kömək edib, həmçinin təcili tibbi yardıma zəng vurub.

"Bir qədər sonra çağırış əsasında restorana gələn təcili tibbi yardım briqadasının həkimləri Məmmədi Qusar Rayon Mərkəzi Xəstəxanasına apardılar. Xəstəxanada ona tibbi yardım göstərildi", – deyə təqsirləndirilən şəxs bildirib.

Aqil törətdiyi əməldən peşman olduğunu, zərərçəkmişlə barışdığını, onun heç bir şikayət və tələbinin olmadığını qeyd edib.

Qusar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Aqil cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

Editor
Redaktor