Qusar rayonunda 68 yaşlı kişi qardaşının həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qusar rayonunun kəndlərindən birində baş verib.
Belə ki, 1958-ci il təvəllüdlü Şirvan mərhum qardaşının həyat yoldaşı Mədinəyə (adlar şərtidir – red.) yaşadıqları evdə xəsarət yetirib. O, qadını əvvəlcə itələyib, daha sonra saçlarından dartıb.
Şirvan barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə ifadə verən Şirvan özünü təqsirli bilməyib. O bildirib ki, zərərçəkmiş Mədinə onun mərhum qardaşı Əlinin həyat yoldaşıdır.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü bacı və qardaşlarından aldığı etibarnamə əsasında reyestr xidmətinin əməkdaşı ilə birlikdə kənddə yerləşən ata evinin plan və ölçülərini müəyyənləşdirmək üçün həmin ünvana gəlib. O, həyətin darvazasını bir neçə dəfə döysə də, qapını açan olmayıb.
Şirvan ifadəsində hadisəni belə təsvir edib:
"Qonşunun həyətindən açıq olan çəpərdən keçərək həyətə daxil oldum və darvazanı açdım. Həmin vaxt reyestr xidmətinin əməkdaşı çöldə dayanmışdı. Yanımızda olan digər şəxs isə taksi sürücüsü idi və o da bizi çöldə gözləyirdi. Mən birinci mərtəbədəki qapını döydüm. İkinci mərtəbədən çıxan Mədinə məni görüb qışqırmağa başladı. ‘Sən kimsən, bura gəlirsən, sənin nə ixtiyarın var?" deyərək mübahisə etdi. Mədinəyə ata evimə gəldiyimi, çıxarışın alınması üçün reyestr xidmətinin əməkdaşının ölçülər götürməli olduğunu bildirdim. Mədinə buna mane oldu, məni itələyərək darvazadan çölə çıxartdı. Reyestr xidmətinin əməkdaşı isə belə mübahisəli məsələ olduğu halda onu nə üçün çağırdığımı soruşdu".
Təqsirləndirilən şəxs qeyd edib ki, bundan sonra Mədinənin atası Xəlil də hadisə yerinə gəlib və ona "Bunlar sənə baha başa gələcək" deyib.
"Öz ata evimə gəldiyimi, hansı səbəbdən içəri buraxılmadığımı soruşdum. Onlar isə cavab vermədilər. Mən zərərçəkmiş şəxsi vurmamışam, ona xəsarət yetirməmişəm", – deyə Şirvan bildirib.
Zərərçəkmiş Mədinə isə ifadəsində Şirvanın mərhum həyat yoldaşı Əlinin doğma qardaşı olduğunu deyib. O bildirib ki, Şirvan onların yaşadığı evə əvvəllər gəlib-getməyib və qadın onu ümumiyyətlə tanımayıb.
Mədinənin sözlərinə görə, hadisə günü saat 12 radələrində qızı ilə birlikdə evin ikinci mərtəbəsində olarkən giriş qapısının açıldığını eşidib. Evə oğru girdiyini düşünərək qapıya yaxınlaşdığını deyən zərərçəkmiş hadisəni belə xatırlayıb:
"Zalda qarşımda sonradan adının Şirvan olduğunu öyrəndiyim şəxsi, onun arxasında isə tanımadığım daha iki nəfəri gördüm. Onlardan evə niyə icazəsiz daxil olduqlarını, necə girdiklərini və nə istədiklərini soruşdum. Şirvan mənə ‘Çıx çölə, cəhənnəm ol, bu ev mənimdir" dedi. Telefonu götürərək Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermək istəyəndə Şirvan hər iki əli ilə məni tutaraq divara çırpdı. Başım divara dəydi. Özümü çox pis hiss edərək yerə yıxıldım. Həmin vaxt Şirvan əlləri ilə saçlarımdan tutub dartdı və məni pilləkəndən aşağı itələmək istədi. Mən ona müqavimət göstərdim, özümü ondan qorumaq üçün itələdim. Onun yanında olan digər iki nəfər də qaçaraq çölə çıxdı".
Qusar Rayon Məhkəməsinin hökmü ilə Şirvana 2 000 manat məbləğində cərimə cəzası təyin edilib. Lakin barəsində amnistiya aktı tətbiq olunduğundan o, cəzadan azad edilib.


