Türkiyə bu ilin ilk 9 ayında turizmdən 51,28 milyard dollar, Gürcüstan isə 3,8 milyard dollar gəlir əldə etdiyi halda, Azərbaycanda ötənilki göstərici cəmi 2 milyard dollar ətrafında olub. Statistik göstəricilər də azalma olduğunu ortaya qoyur. Belə ki, bu ilin ilk 9 ayında ölkəmizə gələn əcnəbilərin sayı 6 faiz, onların hotellərdə gecələmələrinin sayı isə 4,7 faiz azalıb.
Azərbaycan turizmdən niyə qonşuları qədər gəlir əldə edə bilmir? Xarici turistləri Azərbaycana cəlb etmək, turizm gəlirlərini artırmaq üçün hansı addımlar atılmalıdır?
Demokrat.az-a məsələ ilə bağlı açıqlamasında turizm eksperti Rəhman Quliyev söyləyib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə xalqın sağlamlığı, təhlükəsizliyi və firavan həyatının təmin olunması hər zaman əsas prioritetdir:

"Turizm də məhz bu təhlükəsiz və sabit inkişaf mühitində formalaşan strateji iqtisadi sahələrdən biridir. Təbii ki, quru sərhədlərinin bağlı olması müəyyən mənada ölkəmizə turist axınına təsir göstərə bilər. Lakin bir məqamı unutmamalıyıq ki, Gürcüstandan fərqli olaraq, Azərbaycanın həm şərqində, həm də qərbində ciddi geosiyasi gərginliklər mövcuddur və regionda müharibələr davam edir. Belə bir mürəkkəb geosiyasi şəraitdə ölkəmizdə təhlükəsizliyin və sabitliyin qorunması xüsusi əhəmiyyət daşıyır".
Ekspert qeyd edib ki, Azərbaycanda turizm infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir:
"Dövlət Turizm Agentliyi tərəfindən bölgələrimizin turizm potensialının üzə çıxarılması, yeni turizm marşrutlarının yaradılması və beynəlxalq təbliğat istiqamətində əhəmiyyətli işlər görülür. Eyni zamanda, 2026–2030-cu illəri əhatə edən Turizmin İnkişafına dair Dövlət Proqramının icrasına artıq başlanılıb. Bu proqram ölkəmizdə turizmin yeni inkişaf mərhələsinə qədəm qoyması üçün geniş imkanlar yaradacaq. Qarabağ və Şərqi Zəngəzurun turizm dövriyyəsinə cəlb edilməsi, sağlamlıq, qış, ekoloji və mədəni turizmin inkişafı gələcək üçün böyük perspektivlər vəd edir.
Əminəm ki, həyata keçirilən layihələr və dövlət proqramının uğurlu icrası nəticəsində Azərbaycan regional turizm bazarında mövqeyini daha da gücləndirəcək. Hətta inanıram ki, yaxın illərdə turizm göstəricilərinə görə bu gün müqayisə etdiyimiz bir sıra ölkələri əhəmiyyətli dərəcədə qabaqlamaq imkanımız olacaq. Bu gün bizim üçün ən vacib məsələ xalqımızın təhlükəsizliyi, sağlamlığı və firavan həyatıdır. Turizmin davamlı inkişafı isə məhz bu prioritetlər üzərində qurulmalıdır".


