YapiKredi Müraciət Forması
Avto

Çin avtomobillərində daha bir təhlükə

Çin avtomobillərində daha bir təhlükə

Rusiyada Çin istehsalı olan Li Auto (Lixiang) avtomobillərinin sahibləri kütləvi kiberhücumlarla üzləşiblər.

Demokrat.az xəbər verir ki, bu barədə Business FM və Autonews nəşrləri məlumat yayıb.

Kibercinayətkarlar avtomobillərin elektron idarəetmə hesablarını ələ keçirərək sahiblərindən pul tələb edirlər.

Məlumata görə, hakerlər avtomobillərin əsas elektron hesablarına müdaxilə edərək multimedia sistemini, iqlimə nəzarəti və digər funksiyaları bloklayırlar. Bəzi hallarda avtomobillərin işə salınmasında da problemlər yaranıb.

Kibercinayətkarlar hesabların bərpası müqabilində 35-45 min rubl tələb edirlər. İndiyədək təxminən 20 belə hadisə qeydə alınıb. Zərərçəkənlərin real sayının daha çox ola biləcəyi bildirilir.

Zərərçəkənlərdən biri bildirib ki, onun Li Auto L7 avtomobilinin ekranları qəfil sönüb, maşın elektron açara reaksiya verməyib. Bir müddət sonra naməlum şəxs onunla əlaqə saxlayaraq hesabın qaytarılması üçün 45 min rubl istəyib.

Araşdırmalar zamanı məlum olub ki, hadisələrin bir qismi avtomobillərin elektron hesablarına bağlanan Çin telefon nömrələri ilə əlaqəlidir. Li Auto nümayəndəliyinin məlumatına görə, məlum hadisələrdə üçüncü tərəf xidmətləri vasitəsilə əldə edilən Çin nömrələrindən istifadə olunub.

Bu cür hadisələr ilk dəfə baş vermir. 2025-ci ilin yayında da Li Auto sahiblərinin hesabları ələ keçirilmiş, həmin vaxt cinayətkarlar hesabların qaytarılması üçün 200-250 min rubl tələb etmişdilər.

Li Auto şirkətinin Rusiyadakı rəsmi distribütoru Sinomach Auto problemi təsdiqləyib. Şirkət bildirib ki, avtomobillərin hərəkət zamanı idarə edilməsinə hakerlərin müdaxiləsi mümkün deyil.

İstehsalçı hesabların təhlükəsiz bərpası üçün yeni mexanizm hazırlayır. Çin telefon nömrələri əvəzinə elektron poçt vasitəsilə giriş sisteminə keçid nəzərdə tutulur. Bu üsul artıq 2026-cı model ilinə aid avtomobillərdə tətbiq edilir.

Şirkət avtomobil sahiblərinə hesab şifrələrini və təsdiqləmə kodlarını üçüncü şəxslərə verməməyi, giriş problemi yarandıqda isə rəsmi müştəri xidmətinə müraciət etməyi tövsiyə edib. (musavat.com)