Azərbaycanda avtomobil bazarında qiymət artımı, xüsusilə Çin istehsalı olan avtomobillərin ikinci əl satışında diqqət çəkir. Belə ki, ölkəyə gətirilməsi 18 min manata başa gələn və iki il əvvəl 20 min manata satılan bəzi modellər hazırda ikinci əl bazarında 24-25 min manata təklif olunur.
Bəs "BYD Destroyer" modelinin ikinci əl bazarında qiymətinin 24-25 min manata yüksəlməsinin səbəbi nədir? Bazarda qiymətlər niyə süni şəkildə şişirdilir?
Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Razil Nağıyev söyləyib ki, "BYD Destroyer" modelinin ikinci əl bazarında qiymətinin iki il ərzində 20 min manatdan 24-25 min manata yüksəlməsinin əsas səbəbi tələb və təklif arasındakı balansın dəyişməsidir:

"İlk növbədə qeyd etmək lazımdır ki, "BYD Destroyer" modelinin istehsalı 2025-ci ildə yeni "Seal 05 DM-i" modeli ilə əvəzlənməsi nəticəsində dayandırılıb. 2026-cı ildə əvvəlki modelin yeni avtomobil kimi təklifi məhdudlaşıb. Bu isə mövcud avtomobillərin bazar əhəmiyyətini artırıb. Modelə maraq göstərən alıcılar üçün seçim imkanları azaldıqca, ikinci əl avtomobillərə tələb yüksəlib.
Digər mühüm amil Azərbaycanda avtomobil bazarında ümumi qiymət artımıdır. Yeni avtomobillərin qiymətlərinin yüksəlməsi, hibrid avtomobillərə marağın artması və Çin istehsalı olan avtomobillərə tələbatın genişlənməsi ikinci əl bazarına da təsir göstərir. Nəticədə əvvəllər daha münasib qiymətə satılan avtomobillər bu gün daha yüksək qiymətlərlə təklif olunur. Məsələn, ölkəyə gətirilməsi təxminən 18 min manata başa gələn "BYD Destroyer" modeli iki il əvvəl 20 min manata satılırdısa, hazırda eyni modelin ikinci əl bazarında 24-25 min manata təklif olunması müşahidə edilir. Bu, ilkin gətirilmə maya dəyəri ilə müqayisədə 33-39 faiz, əvvəlki satış qiyməti ilə müqayisədə isə 20-25 faiz artım deməkdir".
Razil Nağıyev qiymətlərin süni şəkildə şişirdilməsi məsələsinə də diqqət yetirməyin vacib olduğunu bildirib:

"Bəzi satıcılar bazarda yaranmış vəziyyətdən istifadə edərək digər elanlardakı yüksək qiymətləri əsas götürür və öz avtomobillərini də həmin qiymətlərlə satışa çıxarırlar. Beləliklə, elan qiymətləri bir-birinə təsir edir və bazarda ümumi qiymət səviyyəsi yüksəlir. Lakin elan qiyməti ilə real satış qiymətini eyniləşdirmək olmaz".


