YapiKredi Müraciət Forması
İqtisadiyyat Özəl

"Sərhədlərin bağlı olması biznesə təsir göstərir"

Sərhədlərin bağlı olması biznesə təsir göstərir

Azərbaycanda investisiya imkanları və gəlir gətirə biləcək iqtisadi sahələr investorların diqqət mərkəzindədir. Rəqəmsallaşma, alternativ enerji, tranzit və logistika, metallurgiya, eləcə də kənd təsərrüfatı yaxın perspektivdə sərmayə qoyuluşu üçün diqqətçəkən istiqamətlər hesab olunur. Bununla yanaşı, regionda geosiyasi gərginlik, inflyasiya və biznes xərclərinin artması investisiya qərarlarına təsir edən əsas amillər sırasındadır.

Bəs hazırda Azərbaycanda hansı sahələrə sərmayə qoymaq daha perspektivlidir? Yaxın gələcəkdə investorları hansı yeni qazanc imkanları gözləyir? Ölkənin hələ də istifadə olunmamış investisiya potensialı nədən ibarətdir?

İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda dünyada yeni iqtisadi perspektivlər yaranır və xüsusilə rəqəmsallaşma prosesi sürətlənir.

Sərhədlərin bağlı olması biznesə təsir göstərir

Onun sözlərinə görə, kapital da bu dəyişikliklərə uyğun olaraq daha çox gəlir gətirə biləcək sahələrə yönəlir:

"Hazırda dünyada yeni perspektivlər yaranır və xüsusilə rəqəmsallaşma prosesi sürətlənir. Kapital da yeni imkanları hamıdan əvvəl hiss edir. Çünki pul daha çox gəlir gətirə biləcəyi sahələrə yönəlməyə meyillidir. Ancaq burada risk amilini də nəzərə almaq lazımdır. Risksiz investisiya yoxdur".

İqtisadçı Azərbaycanın tranzit və logistika imkanlarının da gələcəkdə əhəmiyyətli investisiya istiqamətinə çevrilə biləcəyini düşünür. Onun fikrincə, regionda sülhün təmin olunması və Zəngəzur dəhlizinin açılması ölkənin iqtisadi potensialını daha geniş şəkildə ortaya çıxara bilər:

"Məsələn, bölgədə sülh təmin olunarsa, Zəngəzur dəhlizi açılarsa və ölkələr müharibə əvəzinə ticarət əlaqələrini inkişaf etdirərsə, Azərbaycanın tranzit potensialı üzə çıxa bilər. İndiyədək müəyyən mənada blokada şəraitində olduğumuz üçün tranzit və logistika sahəsində yeni imkanlar yarana bilər. Bu istiqamətdə fəaliyyətlər gələcəkdə maraqlı investisiya sahəsinə çevrilə bilər. Lakin hazırda bu imkanlar tam formalaşmayıb".

Xalid Kərimli alternativ enerji və metallurgiya sənayesini də perspektivli istiqamətlər sırasında qeyd edib. Bununla belə, bu sahələrdə investisiya imkanlarının genişlənməsi üçün müəyyən şərtlərin formalaşmasına ehtiyac olduğunu vurğulayıb:

"Alternativ enerji sahəsində də müəyyən investisiya imkanlarından danışmaq olar. Ancaq bu istiqamətdə sahibkarları investisiyaya təşviq etmək üçün qanunvericilik bazası və digər mexanizmlər hələ tam formalaşmayıb. Digər tərəfdən, dövlət metallurgiya sənayesinin inkişafı ilə bağlı konseptual proqram qəbul edib və bu sahəyə investorları cəlb etməyə çalışır. Lakin həmin sahənin real potensialının üzə çıxması və inkişafı müəyyən vaxt tələb edəcək".

Ənənəvi investisiya istiqamətlərindən olan tikinti sektorunda isə əvvəlki cəlbediciliyin müəyyən qədər zəiflədiyi bildirilir. İqtisadçının sözlərinə görə, xüsusilə Bakıda tikinti xərclərinin və qiymətlərin kəskin artması bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün çətinliklər yaradıb. Kənd təsərrüfatı isə düzgün idarəçilik və dövlət dəstəyi hesabına perspektivini qoruyur:

"Ənənəvi olaraq, tikinti sektoru da Azərbaycanda, xüsusilə Bakıda cəlbedici sahələrdən biri olub. Ancaq hazırda bu sektorda müəyyən çətinliklər var. Tikinti xərclərinin və qiymətlərin həddindən artıq artması əvvəlki kimi geniş fəaliyyət göstərməyi çətinləşdirir. Kənd təsərrüfatı da düzgün idarə olunduğu halda perspektivli sahələrdən biri ola bilər. Hökumət bu istiqamətə ciddi diqqət ayırır, subsidiyalar verir və sahibkarlığı dəstəkləyir".

İqtisadçı hesab edir ki, investorların diqqət yetirməli olduğu əsas istiqamətlərdən biri də rəqəmsallaşmadır. Bununla yanaşı, bazarda hamıya məlum olmayan, yüksək və risksiz gəlir vəd edən xüsusi investisiya sahəsinin mövcudluğundan danışmaq düzgün deyil:

"Xüsusi gizli gəlir mənbəyi və ya hamının bilmədiyi yüksək mənfəət vəd edən bir sahə yoxdur. Rəqəmsallaşma ilə bağlı isə ciddi investisiya imkanları yaranır. Bu, nisbətən yeni istiqamətdir və gələcəkdə daha geniş perspektivlər vəd edə bilər. Amma bütün bu sahələrdə risklər mövcuddur. Söhbət sadəcə pul yatırıb dərhal gəlir əldə etməkdən getmir".

Xalid Kərimli investisiya mühitinə təsir edən digər mühüm amil kimi Azərbaycanın geosiyasi mövqeyini göstərib. Onun sözlərinə görə, regionda davam edən qarşıdurmalar və qeyri-müəyyənliklər ölkədə biznes fəaliyyəti üçün əlavə risklər formalaşdırır:

"Digər mühüm məqam Azərbaycanın yerləşdiyi geosiyasi mövqedir. Ölkəmiz kifayət qədər gərgin regionda yerləşir. Cənubda İranla ABŞ arasında münaqişə, şimalda Rusiya ilə Avropa arasında qarşıdurma, qərbdə isə Ermənistanla hələ tam yekunlaşmamış sülh prosesi mövcuddur. Bu amillər regionda ciddi qeyri-sabitlik yaradır".

İqtisadçı əlavə edib ki, geosiyasi gərginlik təkcə siyasi münasibətlərə deyil, birbaşa biznesin gündəlik fəaliyyətinə və xərclərinə də təsir göstərir. Xüsusilə logistika və ticarət sahəsində yaranan çətinliklər sahibkarların fəaliyyət imkanlarını məhdudlaşdırır:

"Bundan əlavə, sərhədlərin bağlı olması, müharibələrin ölkəyə mal gətirilməsini və ölkədən mal aparılmasını bahalaşdırması da biznesə təsir göstərir. Son bir ildə iqtisadiyyatda müəyyən ləngimələr müşahidə olunur, inflyasiya və qiymət artımı biznes üçün əlavə çətinliklər yaradır".

Xalid Kərimlinin qənaətinə görə, bütün bu amillər nəzərə alınmaqla, hazırda Azərbaycanda investisiya qərarları verərkən təkcə mümkün gəlir deyil, həm də regional risklər və iqtisadi şərait diqqətlə qiymətləndirilməlidir:

"Hesab edirəm ki, hazırda regionla bağlı risklər kifayət qədər yüksəkdir. Ermənistanla münasibətlərin yaxşılaşdırılması istiqamətində səylərə baxmayaraq, bölgədə ciddi geosiyasi risklər qalmaqdadır".

Nuray Paşşanlı

Editor
Redaktor