Qazlı içkilər və çipsilərə aksiz vergisinin tətbiqi təklif olunur. Qərarın məqsədi, eləcə də qiymətlərə təsiri müzakirə mövzusudur.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı Elçin Rəşidov bildirib ki, dünya təcrübəsində zərərli məhsulların istehlakını azaltmaq məqsədilə onlara xüsusi vergilərin tətbiqi praktikası mövcuddur.
Onun sözlərinə görə, bu vergilər, əsasən, aksiz vergisi adlanır və əsas məqsəd müvafiq məhsulların istehlakını məhdudlaşdırmaqdır.
İqtisadçı qeyd edib ki, bu məsələdə iki iqtisadi anlayışı – xarici təsir (externality) və daxili təsir (internality) – fərqləndirmək lazımdır.
"Xarici təsir dedikdə məhsulun istehlakının ətraf mühitə və digər insanlara vurduğu zərər nəzərdə tutulur. Məsələn, siqaret çəkən şəxsin ətrafdakı insanları tüstüyə məruz qoyması, alkoqol istehlakının isə cinayət və təhlükəsizlik risklərini artırması buna nümunədir.
Daxili təsir isə məhsulun birbaşa onu istehlak edən şəxsin öz sağlamlığına vurduğu zərərlə bağlıdır. Məsələn, siqaretin insan orqanizminə mənfi təsiri bu qəbildəndir.
Bu baxımdan, qazlı içkilərə vergi tətbiq edilərkən dəqiq yanaşma seçilməlidir. Çünki qazlı suyun sağlamlığa zərəri yoxdur və onun da vergiyə cəlb edilməsi düzgün yanaşma sayılmaz. Vergi qazlı sulara deyil, şəkərli və şirinləşdirilmiş içkilərə tətbiq olunmalıdır. Hətta meyvə şirələrinin də bu kateqoriyaya daxil edilməsi məqsədəuyğun ola bilər.
Belə məhsulların istehlakı əsasən onları qəbul edən şəxsin öz sağlamlığına zərər vurduğundan, bu cür verginin iqtisadi və səhiyyə baxımından əsaslandırılması mümkündür. İqtisadiyyatda bu, daxili təsirlərin (internality) nəzərə alınması ilə izah olunur.
Eyni zamanda, həmin vergilərdən əldə olunan vəsaitin sağlamlığın qorunmasına, səhiyyə sisteminin inkişafına və profilaktik tədbirlərə yönəldilməsi məqsədəuyğun olardı. Bu istiqamətdə xüsusi əlaqələndirmə mexanizmi də yaradıla bilər. Məsələn, benzindən və dizeldən tutulan yol vergisinin yol infrastrukturunun qurulmasına xidmət etməsi kimi, şəkərli içkilərdən əldə olunan vergi gəlirləri də əhalinin sağlamlığının qorunmasına yönəldilə bilər".
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən digər iqtisadçı Natiq Cəfərli isə aksiz vergisinin tətbiqinin məhsulların qiymətinin artmasına səbəb olacağını bildirib.
Onun sözlərinə görə, istənilən vergi və rüsum son nəticədə mal və məhsulların satış qiymətinə təsir göstərir.
"Hazırda qiymət artımının hansı həddə olacağı ilə bağlı konkret qərar yoxdur, müzakirələr davam edir. Aksiz vergisinin məbləği nə qədər yüksək müəyyən edilərsə, məhsulların qiymətində artım da bir o qədər çox olacaq", – deyə iqtisadçı qeyd edib.


