"Zəfər qazanmaq asan məsələ deyil, lakin ona sahib çıxmaq bundan da çətindir. Bunun üçün uzun müddət çalışmalı, zəfərin tarixini dərindən mənimsəməli və onu milli kimliyimizin ayrılmaz hissəsinə çevirməliyik. Bu gün biz qazandığımız zəfərin tariximizdə hansı yeri tutduğunu yaxşı anlamalıyıq. Eyni zamanda bilməliyik ki, Azərbaycan xalqının tarixən məskunlaşdığı ərazilərin ümumi sahəsi mütəxəssislərin hesablamalarına görə, təxminən 400 min kvadratkilometr olub. Yəni azərbaycanlıların yaşadığı tarixi coğrafiya bugünkü Azərbaycan Respublikasının ərazisindən xeyli genişdir. Lakin tarixi proseslər nəticəsində həmin ərazilərin yalnız dörddə biri, hətta bir qədər az hissəsi Azərbaycan Respublikasının sərhədləri daxilində qalıb".
Demokrat.az xəbər verir ki, bunu 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə təşkilatçılığı ilə Zəfər Zalı"nın açılışı və "8 noyabr – Zəfər Günü" adlı Elektron Məlumat Bazasının təqdimat mərasimində Akademik, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov deyib.
O bildirib ki, bu ərazilərə də sahib çıxmaq istəyənlər var:
"Məhz buna görə də gənclərimiz tariximizi dərindən öyrənməli, bu gün sahib olduğumuz müstəqilliyin və ərazi bütövlüyünün hansı mübarizə, çətinliklər və qurbanlar hesabına əldə edildiyini bilməlidirlər. Onlar Vətən uğrunda canından keçən şəhidlərimizin fədakarlığını unutmamalı, qazanılan zəfərin əsl dəyərini dərk etməlidirlər. İkinci Qarabağ müharibəsində əldə etdiyimiz qələbə yalnız hərbi uğur deyil, həm də xalqımızın tarixi yaddaşının, milli birliyinin və mübarizə əzminin təntənəsidir. Bu tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması hər birimizin qarşısında duran mühüm vəzifələrdən biridir".


