Əfqanıstanın paytaxtı Kabildə yerləşən qədim Bala Hisar qalasında aparılan arxeoloji qazıntılar zamanı 2 min ildən çox tarixə malik qiymətli tapıntılar aşkar edilib.
Demokrat.az xəbər verir ki, Associated Press-in məlumatına görə, Ağa Xan Mədəniyyət Fondunun həyata keçirdiyi uzunmüddətli bərpa layihəsi çərçivəsində qalada aparılan qazıntılar zamanı qədim sikkələr, Budda heykəllərinin fraqmentləri, İslam dövrünə aid saxsı qablar, neft lampaları və müxtəlif məişət əşyaları tapılıb.
Arxeoloqlar həmçinin qədim sarayların, monastırların və yaşayış evlərinin qalıqlarını üzə çıxarıblar.
Tapıntılar arasında Moğol imperiyası dövrünə aid saray qalıqları xüsusi diqqət çəkib. Burada divar rəsmləri, taxtabənzər tikili və qayaya həkk olunmuş ulduz formalı hovuz aşkar edilib.
Qeyd olunur ki, strateji mövqedə yerləşən Bala Hisar qalası əsrlər boyu Kabilin müdafiəsində mühüm rol oynayıb. Müxtəlif müharibələr nəticəsində ciddi zərər görən tarixi abidənin bərpasına 2018-ci ildə başlanılıb.
Layihənin əsas məqsədi ərazini bağları, muzeyi və digər ictimai məkanları olan arxeoloji parka çevirməkdir. Bərpa işlərinin uzun illər davam edəcəyi gözlənilir.


