Ermənistanın Gümrü şəhərində Ukrayna vətəndaşını döyməkdə şübhəli bilinən iki rusiyalı hərbçi saxlanılıb.
Demokrat.az oxu.az-a istinadən dxəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun erməni xidməti məlumat yayıb.
Zərərçəkmiş Ukrayna vətəndaşı Dmitri Samuelenko hüquq-mühafizə orqanlarına müraciət edərək Gümrü şəhərinin Ani rayonunda iki rusiyalı hərbçinin onu döydüyünü bildirib. Hadisənin təxminən bir ay əvvəl baş verdiyi qeyd olunur.
Ermənistan İstintaq Komitəsindən bildirilib ki, faktla bağlı bir qrup şəxs tərəfindən fiziki zorakılıq tətbiq edilməsi maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib.
Gümrüdə yerləşən Rusiya hərbi bazasının iki hərbçisi yüngül bədən xəsarətləri yetirməkdə ittiham olunaraq həbs edilib. Hazırda onlar Ermənistanın penitensiar müəssisəsində saxlanılırlar.
Münaqişənin səbəbləri, o cümlədən rusiyalı hərbçilərin Ukrayna vətəndaşını nə üçün döydükləri hələlik məlum deyil.


