YapiKredi Müraciət Forması
Maraqlı

Ev heyvanları üçün təhlükəli otaq bitkiləri: Bu gülləri evdə saxlamayın

Ev heyvanları üçün təhlükəli otaq bitkiləri: Bu gülləri evdə saxlamayın

Otaq bitkiləri evə gözəllik və rahatlıq bəxş etməklə yanaşı, havanın nəmlənməsinə və təmizlənməsinə də kömək edir. Lakin bəzi bitkilər ev heyvanları üçün ciddi təhlükə yarada bilər. Onların tərkibindəki zəhərli maddələr pişik və itlərdə müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər.

Demokrat.az Rusiya mediasına istinadən xəbər verir ki, bioloq Dmitri Safonov ev heyvanı saxlayanların evdə yetişdirməməli olduğu bitkilərin adlarını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, zanbaq, rododendron, cücərmiş lalə soğanağı və aloe vera heyvanlar üçün xüsusilə təhlükəlidir.

Zanbaqlar əsasən pişiklər üçün ciddi risk yaradır. Bitkinin bütün hissələri, o cümlədən tozcuqları və vazadakı su belə pişiklərdə kəskin böyrək çatışmazlığına səbəb ola bilər. İtlər üçün toksikliyi nisbətən az olsa da, bu bitki onlar üçün də zərərlidir.

Digər təhlükəli bitki rododendrondur. Onun tərkibindəki qlikozidlər pişik və itlərdə qusma, qıcolma, hətta komaya səbəb ola bilər. Lalə soğanaqları da tərkibindəki alkaloidlərə görə ev heyvanları üçün təhlükəli hesab olunur.

İnsanlar üçün faydalı xüsusiyyətləri ilə tanınan aloe vera da heyvanların sağlamlığına mənfi təsir göstərir. Bioloq bildirib ki, bu bitkinin qəbulu ev heyvanlarında halsızlıq, iştahasızlıq və qusmaya yol aça bilər.

Mütəxəssis xəbərdarlıq edib ki, ev heyvanı zəhərli bitkilərdən hər hansı birini yeyərsə, vaxt itirmədən baytarlıq klinikasına aparılmalıdır. Zəhərlənməyə səbəb olan maddənin müəyyənləşdirilməsini asanlaşdırmaq üçün bitkinin bir hissəsini də özünüzlə götürmək tövsiyə olunur.