YapiKredi Müraciət Forması
Maraqlı

Valideynlərlə kitab oxumaq uşaqların inkişafına təsir göstərir – ARAŞDIRMA

Valideynlərlə kitab oxumaq uşaqların inkişafına təsir göstərir – ARAŞDIRMA

Valideynlərin uşaqlarla birlikdə kitab oxuması onların dil bacarıqlarının və sosial-emosional inkişafının yaxşılaşmasına kömək edir. Çinli alimlərin apardığı yeni araşdırma bu fəaliyyətin uşaqların inkişafında mühüm rol oynadığını ortaya qoyub.

Demokrat.az xəbər verir ki, tədqiqatın nəticələri "Computers in Human Behavior" elmi jurnalında dərc olunub.

Şifeng Linin rəhbərlik etdiyi Şimal-Qərb Pedaqoji Universitetinin tədqiqat qrupu 3-6 yaş arası 202 uşaq üzərində araşdırma aparıb.

Tədqiqat zamanı valideynlərdən uşaqların gün ərzində ekran qarşısında keçirdikləri, böyüklərlə birlikdə kitab oxuduqları və oynadıqları vaxtı qeydə almaları istənilib. Ekran vaxtı da təhsil və əyləncə məzmununa, eləcə də uşaqların cihazlardan təkbaşına və ya valideynləri ilə birlikdə istifadəsinə görə qruplaşdırılıb.

Araşdırmanın nəticələri göstərib ki, valideynlərlə birgə kitab oxumağa daha çox vaxt ayıran uşaqların dil bacarıqları və sosial-emosional göstəriciləri daha yüksək olur.

Bunun əksinə, ekran qarşısında keçirilən ümumi vaxtın artması həmin göstəricilərin aşağı düşməsi ilə əlaqələndirilib.

Tədqiqat müəllifləri diqqətə çatdırıblar ki, uşaqların gün ərzində vaxtı məhduddur və bir fəaliyyətə ayrılan əlavə vaxt digər məşğuliyyətlərin azalmasına səbəb ola bilər. Belə ki, ekran qarşısında keçirilən vaxt bəzən kitab oxumağı, oyunları və valideynlərlə canlı ünsiyyəti əvəz edir.

Araşdırma valideynlərin uşaqlarla birgə mütaliəyə vaxt ayırmasının onların erkən yaş dövründə inkişafına müsbət töhfə verə biləcəyini göstərir.