Dünya bazarında ərzaq məhsullarının qiymətləri oktyabr ayında əvvəlki ayla müqayisədə azalıb. Bununla belə, ümumi ərzaq qiymətləri ötən ilin eyni dövründən yüksək olaraq qalır.
Demokrat.az "Reuters"ə istinadən xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, oktyabrda Ərzaq Qiymətləri İndeksi 133,9 bənd təşkil edib. Sentyabrda bu göstərici 135,6 bənd olub.
Beləliklə, aylıq azalma qeydə alınsa da, indeks ötən ilin oktyabr ayı ilə müqayisədə 5,9 faiz yüksəkdir.
Hesabat dövründə taxılın qiymət indeksi 4,5 faiz, süd məhsullarının qiymət indeksi 1,1 faiz, ət məhsullarının qiymət indeksi isə 1,2 faiz azalıb.
Əvəzində şəkərin qiymətində 6,6 faizlik artım qeydə alınıb. Bu, şəkərin qiymətinin ardıcıl dördüncü ay bahalaşması deməkdir. Məhsulun qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 28,8 faiz yüksəlib.
FAO şəkər qiymətlərindəki artımı Braziliyada yağıntıların məhsul yığımına mane olması ilə əlaqələndirir.
Qeyd edək ki, dünya ərzaq qiymətləri indeksi taxıl, bitki yağları, süd məhsulları, ət və şəkər daxil olmaqla əsas ərzaq məhsullarının beynəlxalq bazarlardakı qiymət dəyişikliklərini əks etdirir.


