Soyuq havalarda yuyulmuş paltarların quruması xeyli vaxt aparır. Lakin quruducu maşın almadan bu prosesi sürətləndirməyin sadə üsulu var. Bunun üçün adi plastik şüşə və isti su kifayət edir.
Demokrat.az xəbər verir ki, bu barədə UNIAN nəşri məlumat yayıb.
Soyuq mövsümdə evdə rütubətin artması paltarların qurumasını çətinləşdirir. Xüsusilə balkon və həyəti olmayan mənzillərdə yuyulmuş geyimlər saatlarla, hətta bir neçə gün yaş qala bilər. Bu vəziyyət otaqda kondensasiyanın yaranmasına, divarlarda isə kif əmələ gəlməsinə səbəb ola bilər.
Mütəxəssislərin tövsiyə etdiyi üsul isə olduqca sadədir. Bunun üçün ən azı bir litrlik şüşəni isti su ilə doldurub paltar asılan quruducunun altına yerləşdirmək lazımdır. Şüşədən ayrılan istilik ətrafdakı havanı qızdırır. İsti hava daha çox su buxarı saxlaya bildiyindən paltarın liflərindəki nəmin buxarlanması sürətlənir.
Qurutma prosesini sürətləndirmək üçün digər tövsiyələr
Bu üsulun daha səmərəli olması üçün bir neçə məqama da diqqət yetirmək lazımdır:
- Paltarları asmazdan əvvəl paltaryuyan maşında yaxşı sıxmaq, uyğun sıxma rejimini seçmək tövsiyə olunur.
- Geyimləri quruducuya bir-birindən aralı düzmək lazımdır ki, hava sərbəst hərəkət edə bilsin.
- Dəsmal, cins şalvar və qalın sviterləri isti su şüşəsinə daha yaxın yerləşdirmək məsləhətdir.
- Otağı hər gün, hətta bir neçə dəqiqəlik olsa belə, havalandırmaq vacibdir. Bu, yığılan rütubətin azalmasına kömək edir.
Qeyd edək ki, isti su şüşəsi üsulu əlavə istilik mənbəyi yaratsa da, qurutma müddətinin mütləq iki dəfə azalmasına zəmanət vermir. Nəticə otağın temperaturundan, havalandırmadan və paltarın qalınlığından asılıdır.


