Rusiya ilə Ermənistan arasında münasibətlərdə yeni və ciddi qarşıdurma mərhələsi başlayıb. Moskvanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın səsvermə hüququnu əlindən alıb. Noyabrın 11-də qəbul edilən qərarla İrəvan təşkilatın rəhbər strukturlarına öz nümayəndələrini irəli sürmək imkanından da məhrum edilib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qərarın Ermənistanın uzun müddətdir təşkilat qarşısındakı öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar olduğunu bildirib.
Məsələ təkcə üzvlük haqqının ödənilməməsindən ibarət deyil. Nikol Paşinyan hökuməti 2024-cü ildən KTMT-də iştirakını faktiki dondurub, təşkilatın Ermənistanın təhlükəsizliyini təmin etmədiyini bəyan edib. İrəvan eyni zamanda Qərblə hərbi-siyasi əməkdaşlığını genişləndirməyə, Türkiyə ilə münasibətlərini normallaşdırmağa və Azərbaycanla sülh prosesini irəlilətməyə çalışır.
Diqqətçəkən məqam odur ki, Paşinyan Moskvada keçirilən KTMT sammitinə qatılmayıb, Türkiyədəki COP31 tədbirlərində iştirak edib. Bu isə Ermənistanın xarici siyasətindəki istiqamət dəyişikliyi barədə müzakirələri daha da gücləndirir.
Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistanın təşkilatdan çıxarılmayacağını, hətta səs hüququ məhdudlaşdırıldıqdan sonra da kollektiv müdafiə təminatlarının saxlanılacağını bildirib. Lakin KTMT-nin bugünkü qərarı Moskva ilə İrəvan arasındakı siyasi etimadsızlığın artıq institusional səviyyəyə keçdiyini göstərir.
Bəs Moskva bununla kifayətlənəcəkmi? Ermənistanın səs hüququndan məhrum edilməsi Paşinyana qarşı daha ciddi siyasi və iqtisadi təzyiqlərin başlanğıcı ola bilərmi? Rusiya Ermənistanı öz təsir dairəsində saxlamaq üçün hansı vasitələrə əl ata bilər? Ən əsası, Moskva–İrəvan qarşıdurmasının dərinləşməsi Azərbaycan–Ermənistan sülh prosesinə və Cənubi Qafqazdakı qüvvələr balansına necə təsir göstərəcək?
Mövzunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə ilə müzakirə etdik. O, Musavat.com-a açıqlamasında bildirib ki, Ermənistan elə hesab edirdi ki, 44 günlük Vətən müharibəsində Moskva KTMT adı altında Ermənistana dəstək verəcək, amma Putin açıqlamasın bildirmişdi ki, müharibə Azərbaycan ərazisində gedir və biz Azərbaycan ərazisinə gedən müharibəyə müdaxilə edə bilmərik. Əgər Ermənistanın sərhədlərini keçərsə, KTMT-nin nizamnaməsinə uyğun olaraq, bu dövlətə dəstək vermək artıq təşkilatın hüququdur. Yəni Ermənistan o dövrdə KTMT-i mütləq bu müharibəyə cəlb etməyə çalışırdı, amma buna nail ola bilmədi. Bundan sonra sanki Rusiyadan narazı qalan Ermənistan, başda Paşinyan olmaqla, KTMT-dən imtina etməyə və onların tədbirlərində az-az görünməyə başladılar. 2024-cü ildən KTMT-də iştirakı faktiki dondurub, bu da Nikol Paşinyan hökumətinin Qərbə üz tutması ilə bağlıdır. Eyni zamanda, Rusiyadan hər hansı bir fayda görə biləcəklərini ehtimalı sıfıra bərabərləşib, belə hesab edirlər ki, Rusiyanın təsiri dairəsində nə qədər qalacaqlarsa, bir o qədər Ermənistan öz müstəqilliyini təsir altında saxlamış olacaq. Hətta qərblə hərbi-siyasi əməkdaşlığını genişləndirdikcə Rusiya tərəfindən ciddi təzyiqlərlə üzləşir-bəyanatlar verilir və s. Ermənistanın radikal müxalifəti, Paşinyan hökumətinə, hakimiyyətə müxalif olan qüvvələr bu və ya digər formada Moskvadan təlimatlandırılır və onların dilindən Paşinyana qarşı müəyyən aqressiv addımlar atılacağı ilə bağlı fikirlər səslənilir. Eyni zamanda, Paşinyan hakimiyyəti də bu cür radikallara qarşı hüquq-mühafizə orqanlarının dili ilə danışaraq müəyyən həbslər, axtarışlar apardıqca, Rusiya yenə də qızışır".
Ç.Qənizadə qeyd edib ki, Türkiyə ilə münasibətlərin doğrudan da normallaşması və sərhədlərin açılması, Ermənistan əhalisinin orta təbəqəsi və aşağı az təminatlı təbəqələri üçün böyük imkanlar yaradacaq:
"Ən azı kasıblıq halında olsalar belə, öz ailələrini dolandırmaq imkanına malik olacaqlar, çünki xırda ticarət əhalinin müəyyən hissəsinin özünü dolandıra biləcək siyasətinin reallaşmasına xidmət edir. Bu baxımdan Türkiyə ilə açılan sərhədlər civarında Ermənistanda müəyyən sosial sahədə və az təminatlı əhalinin dolanışığı sahəsində irəliləyişlər olacaq. Bu da təbii ki, hakimiyyətin marağınındadır. Eyni zamanda, Azərbaycanla sülh prosesinin reallaşmasına və artıq Ermənistanda konstitusiyanın dəyişdirilməsi ilə bağlı bəyanatların reallaşması istiqamətində atılan son addımlar göstərir ki, Paşinyan hökuməti Rusiyadan kənar olaraq Azərbaycanla, Türkiyə ilə münasibətləri normallaşdırmaq, sülh müqaviləsi imzalamaq və eyni zamanda Qərbə inteqrasiya etmək niyyətindədir. Buna mane olan Rusiyaya da 2024-cü ildən arxa çevirməyə başlayıblar".
Hüquqşünas xatırlayır ki, bir müddət öncə Paşinyan KTMT-nin onun üçün maraq kəsb etmədiyini qeyd etmişdi: "Paşinyan ihazırda Türkiyədədir, dünya dövlətlərinin təmsil olunduğu COP31-də iştirak edir və müxtəlif şəxslərlə görüşlər keçirməyi planlaşdırır. Hesab edirəm ki, bu da İrəvanın indiki siyasətinə tam uyğundur. Amma Moskva bununla kifayətlənəcəkmi? KKTMT-də onların səsvermək hüququnu və rəhbər orqanlara seçilmək hüququnu məhdudlaşdırdıqdan sonra dayanacaqmı? Əsla yox! Hesab edirəm ki, Ermənistana qarşı iqtisadi təzyiqlər artacaq. Buna cavab olaraq Avropa İttifaqı da qeyd etdi ki, Ermənistan mallarının Avropaya daşınmasında rüsumların aradan qaldırılması, gömrüksüz ölkəyə malların gətirib satılmasına şərait yaradılacaq, eyni zamanda Ermənistana müəyyən iqtisadi maliyyə yardımları da edəcəklər ki, Rusiyanın təsiri altında olan Ermənistan sahibkarları müəyyən qədər Avropa İttifaqının və onların göstərdiyi yardımlardan bəhrələnərək öz zərərlərini müəyyən qədər balanslaşdıra bilsinlər. Hazırda Rusiya istəyir ki, Ermənistanda təsir dairəsini saxlasın və Cənubi Qafqazda müharibəyə meylli ocaqların, revanşist qrupların aktivləşdiyi ocaqların olmasında maraqlıdır. Gələcəkdə Cənubi Qafqazda özlərinin müəyyən çirkin niyyətlərini reallaşdırmaq üçün bu istiqamətdə addımlar atır. Amma görünən odur ki, Paşinyan hökuməti buna hələlik imkan vermir. Bu gün ən həssas nöqtə Ermənistandır. Gürcüstan artıq müəyyən sınaqlardan çıxıb, özünün siyasi kursunu müəyyən edib. Azərbaycanın siyasi kursu çoxdan bəllidir- iqtisadi gücü və hərbi gücü var. Ən zəif nöqtə Ermənistan olduğuna görə, Cənubi Qafqazda təsir dairəsini artırmaq məqsədilə Rusiya Ermənistandan hər cür vasitələrlə, təzyiqlərlə istifadə etməyə, Ermənistanı öz təsiri altına almağa çalışır. İndiki hakimiyyət buna getməyəcək və hesab edirəm ki, onların tutduğu yol doğru yoldur, Ermənistan xalqının gələcəyinə və Ermənistanın müstəqilliyinə yönələn bir yoldur. Amma zaman göstərəcək ki, Rusiya yenə hansı addımlar atacaq. Unutmayaq ki, Gümrüdə Rusiyanın hərbi bazası var və onlar təbii ki, aktiv olaraq Ermənistanda hansısa hərbi əməliyyatları həyata keçirə bilməsələr də, müəyyən qüvvələri silahlandıra bilərlər, ölkədə rusdilli əhaliyə qarşı təxribatlar törədə bilərlər. Bu da istisna olunmur. Radikal müxalifəti də həm silah, həm də maliyyə vasitəsilə silahlandıraraq hakimiyyətə qarşı qoya bilərlər. Ermənistan hakimiyyəti bunu görür, bilir və ona görə də çox ehtiyatlı addımlar atır. Bəzən biz deyirik ki, Paşinyan niyə o müxalifət partiyasının rəhbərini tutmadı, niyə bunu dərhal həbs etmədi? Amma görünən odur ki, Paşinyan ağıllı addımlar atır, mərhələli şəkildə həm radikalizmi ölkədə yox etmək istəyir, həm də separatçı qüvvələrə normal dəstək verənlərə, separatçı qüvvələrə dəstək verənlərə qarşı addımlar atır. Bu günlərdə Paşinyanın belə bir ifadəsi var idi: "Siz nə qədər "Artsax" bağırsanız da, Azərbaycan da onda Qərbi Azərbaycan, Qərbi Zəngəzur deyəcək və Ermənistan ərazilərinə iddialı olacaq". Bu, olduqca ağıllı, məntiqli fikirdir və hələ də "Artsaxı" yuxularında görən separatçı qüvvələrə real cavabdır. O, həm də Ermənistanda doğulan, böyüyən və Qarabağla heç bir əlaqəsi olmayan təbəqəni də öz tərəfinə çəkməklə revanşistləri sıxışdırmağa çalışır və hesab edirəm ki, o, hələlik buna nail ola bilər. Amma Ermənistanda gələcəkdə nə baş verəcəyini indidən proqnozlaşdırmaq müəyyən qədər çətin olsa da, görünən odur ki, Ermənistan hazırkı müstəqilliyini və siyasi kursunu Paşinyan hakimiyyəti olduğu dövrdə qoruyub saxlaya biləcək". (musavat.com)


