Gələn il Azərbaycanda genişmiqyaslı sosial paketin həyata keçirilməsi nəzərdə tutulur. Yeni paket çərçivəsində əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində hansı addımların atılacağı vətəndaşlar üçün maraq doğurur. Eyni zamanda, pensiyaların indeksasiyasının inflyasiyanı üstələyəcəyi gözlənilir.
Bəs dövlət büdcəsində nəzərdə tutulan ehtiyat vəsait gələn il minimum əməkhaqqı və pensiyaların neçə faiz artmasına imkan verir? Bu paket daha çox hansı sosial təbəqəni əhatə edəcək?
Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Samir Heydərov bildirib ki, 2027-ci ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan 6-cı sosial islahat paketi əhalinin gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, bu paketin əsas məqsədi yalnız sosial ödənişləri artırmaq deyil, həm də inflyasiyanın əhalinin real alıcılıq qabiliyyətinə təsirini yumşaltmaq olmalıdır:
"2027-ci ildə əmək pensiyalarının təxminən 7,5 faiz indeksləşdirilməsi üçün 575,5 milyon manat vəsait nəzərdə tutulub. Bu, hələ proqnozdur və yekun qərar deyil. Sosialyönümlü xərclər dövlət büdcəsinin 44,2 faizini təşkil edəcək. Minimum əməkhaqqı neçə faiz arta bilər?
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır ki, minimum əməkhaqqının artırılması üçün maliyyə təminatının yaradılması açıqlansa da, onun konkret neçə faiz artırılacağı hələ rəsmən elan edilməyib. Pensiyalar üzrə isə 7,5 faizlik indeksasiya proqnozu mövcuddur. Müqayisə üçün, Maliyyə Nazirliyinin 2027-ci il üzrə orta illik inflyasiya proqnozu 5,3 faizdir. Mərkəzi Bankın ilin sonuna dair proqnozu isə 5,9 faizdir. Deməli, 7,5 faizlik pensiya indeksasiyası hər iki göstəricini üstələyir. Hesab edirəm ki, sosial paketin əsas benefisiarları pensiyaçılar, müavinət alanlar, minimum əməkhaqqı ilə çalışanlar və aşağı gəlirli işçilər olacaq. Bununla yanaşı, şəhid ailələri, müharibə əlilləri, aztəminatlı ailələr, əlilliyi olan şəxslər, eləcə də işsizlər və məşğulluq proqramlarına ehtiyacı olan vətəndaşlar da paketdən faydalanan əsas qruplar sırasına daxil ediləcək. Bundan əlavə, 2027-ci ildə 600 mənzilin alınması üçün 40 milyon manat, əlilliyi olan şəxslərin avtomobil və reabilitasiya vasitələri ilə təminatına isə 30 milyon manatdan artıq vəsait nəzərdə tutulur. İşsizlikdən sığorta fondu vasitəsilə 444 min nəfərin aktiv məşğulluq tədbirlərinə cəlb edilməsi planlaşdırılır. Sosial paketin qiymətləndirilməsi zamanı üç əsas məqam nəzərə alınmalıdır. İlk növbədə, nominal gəlir artımı ilə real gəlir artımı fərqləndirilməlidir. Pensiyaların 7,5 faiz artırılması müsbət addım olsa da, əhalinin rifahı yalnız pensiya və əməkhaqqının artımından deyil, ərzaq, kommunal xidmətlər, nəqliyyat və digər zəruri xərclərin dinamikasından da asılıdır.
Minimum əməkhaqqının artırılması da xüsusi əhəmiyyət daşıyır. Çünki aşağı əməkhaqqı alan vətəndaşlar inflyasiyanın təsirini daha kəskin hiss edirlər. Bu səbəbdən minimum əməkhaqqının artımı pensiyaların indeksasiyasından geri qalmamalıdır. Digər mühüm məsələ sosial siyasətin ünvanlı olmasıdır. Eyni məbləğdə artım yüksək pensiya alan şəxslə minimum pensiya alan şəxsin sosial vəziyyətinə eyni təsir göstərmir. Buna görə də aztəminatlı ailələrin, aşağı gəlirli işçilərin və sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslərin dəstəklənməsi prioritet olmalıdır.
Ümumilikdə, 2027-ci ilin sosial paketi üçün maliyyə bazası əvvəlki illərlə müqayisədə kifayət qədər genişdir. Lakin paketin uğuru ayrılan vəsaitin həcmi ilə deyil, əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin nə dərəcədə yüksəlməsi ilə qiymətləndirilməlidir. Xüsusilə minimum əməkhaqqının yeni məbləği və artım faizi diqqət mərkəzində olmalıdır. Hazırda bu barədə konkret rəqəm açıqlanmayıb".


