YapiKredi Müraciət Forması
Kriminal Özəl

Xaricdən qayıdan ər arvadını qonşusu ilə tutdu, öldürdü — Təfərrüat

Xaricdən qayıdan ər arvadını qonşusu ilə tutdu, öldürdü — Təfərrüat

Mingəçevir şəhərində 36 yaşlı kişi arvadının sevgilisi olduğunu düşündüyü həmyaşıdını bıçaqlayaraq öldürüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü Emin 2024-cü ilin sentyabrında işləmək üçün getdiyi Qazaxıstandan ölkəyə qayıtdıqdan bir müddət sonra qonşusu Vəlinin arvadı Şahanənin (adlar şərtidir – red.) mobil telefonuna tez-tez zəng etdiyini görüb. Şahanə isə bu zəngləri Vəlinin uşaqların problemləri ilə maraqlanması ilə əlaqələndirib.

Emin qadının qonşusu ilə münasibətini gizlətməyə çalışdığından şübhələnib və onların arasında sevgi münasibəti yarandığını düşünüb.

Daha sonra Emin Vəli ilə görüşərək məsələni aydınlaşdıracağını arvadına bildirib. Həmin gün saat 21 radələrində yaşadığı evdən mətbəx bıçağını götürərək gödəkcəsinin sağ qolunda gizlədib.

Bundan sonra Vəlinin mobil telefonuna zəng edən Emin onunla görüşmək istədiyini bildirib. Vəli görüşə razılaşıb və özünün yaşadığı Mingəçevir şəhəri, 2-ci Məktəb küçəsində yerləşən evinin qarşısında görüşməyi təklif edib.

Emin həmin ünvana gedərək Vəliyə zəng edib və evin qarşısında olduğunu bildirib. Onlar asfalt yolda görüşüblər.

Bu zaman Emin Vəlidən arvadına "WhatsApp" vasitəsilə niyə mesaj yazdığını və zəng etdiyini soruşub. Vəli isə pis niyyətinin olmadığını deyib. Bundan sonra Emin onu cəzalandırmaq məqsədilə gödəkcəsində gizlətdiyi bıçağı çıxararaq qısqanclıq zəminində Vəlinin qarın nahiyəsinə bir dəfə zərbə vurub və hadisə yerindən uzaqlaşıb.

Vəli qonşuların köməyi ilə təcili tibbi yardım avtomobili ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona zəruri tibbi yardım göstərilsə də, aldığı ağır xəsarət nəticəsində vəfat edib.

Emin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə Emin elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində hadisədən əvvəl işləmək üçün Qazaxıstana getdiyini, həmin müddətdə Vəlinin həyat yoldaşını narahat etdiyini, ona zənglər etdiyini və mesajlar yazdığını bildirib.

Emin deyib ki, hadisədən sonra Vəlinin onu qəsdən öldürmək niyyətində olmayıb:

"Ölkəyə qayıtdıqdan sonra evdən dedilər ki, Vəli onları narahat edir. Yoldaşım uşağı məktəbə aparan vaxt onun qarşısını kəsib, dəfələrlə yoldaşıma zənglər edib. Mən namusumu təmizləmişəm. Onu qəsdən öldürməmişəm. Ona bir bıçaq zərbəsi vurmuşam. Vəli namusuma sataşdığı üçün onu vurmuşam. O, sonradan xəstəxanada rəhmətə gedib".

Təqsirləndirilən şəxsin sözlərinə görə, Vəli əvvəllər onunla yaxşı münasibətdə olub və aralarında heç bir düşmənçilik olmayıb. Emin bildirib ki, hadisədən sonra evə gedərək uşaqlarını öpüb və törətdiyi əməli polisə bildirəcəyini deyib. Daha sonra polis şöbəsinə gedərək təslim olub.

İş üzrə şahid qismində ifadə verən Şahanə Eminlə 2015-ci ildə rəsmi nikaha daxil olduğunu və onların iki övladının olduğunu bildirib.

Onun sözlərinə görə, Vəlini uzun müddətdir tanıyıb və qonşu kimi onunla əlaqəsi olub. Şahanə bildirib ki, Emin 2023-cü ildə işləmək məqsədilə Qazaxıstana gedib. 2024-cü ilin yayında isə Vəli "TikTok" vasitəsilə ona mesaj yazıb. Bundan sonra onlar həm "TikTok", həm də "WhatsApp" vasitəsilə danışmağa başlayıblar və aralarında sevgi münasibəti yaranıb.

Şahanə qeyd edib ki, Emin 2024-cü ilin sentyabrında Qazaxıstandan qayıtdıqdan bir neçə gün sonra Vəlinin onun telefonuna "WhatsApp" vasitəsilə zəng etdiyini görüb və bu barədə soruşub. O isə Vəli ilə münasibətlərini gizlədərək zəngin uşaqlara görə edildiyini bildirib.

Şahanənin sözlərinə görə, bundan sonra Emin hər 2-3 gündən bir onun Vəli ilə münasibətinin olub-olmadığını soruşub. O isə münasibətlərini gizlətməyə çalışıb. Sonradan Emin bundan şübhələnib və Vəli ilə məsələni həll edəcəyini bildirib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Emin 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilib.

Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi hökmün ləğv edilməsini və Eminin əməlinin Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunaraq barəsində daha yüngül hökm çıxarılmasını xahiş edib.

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Fariz Məlikli

Editor
Redaktor