YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

İki yerdə işləyənlər üçün yeni imkan — Açıqlama

İki yerdə işləyənlər üçün yeni imkan — Açıqlama

Əmək müqavilələrinin rəsmiləşdirilməsi ilə bağlı yeni sadələşdirilmiş mexanizmin tətbiqi nəzərdə tutulur. Belə ki, gündəlik iş vaxtı dörd saatdan az olan şəxslərlə də faktiki iş rejiminə uyğun əmək müqaviləsi bağlanılacaq.

Tutalım, bir şəxs iki fərqli şirkətdə gündə 2 saat xadimə kimi çalışırsa, yeni mexanizm onun əmək hüquqlarına və sosial təminatına hansı üstünlükləri verəcək? Bu dəyişiklik belə şəxslər üçün nə dərəcədə faydalı olacaq?

Demokrat.az-a bu barədə danışan insan resursları üzrə menecer Röyal Əhmədov söyləyib ki, bu dəyişiklik, xüsusilə gündə bir neçə saat çalışan və müxtəlif işəgötürənlərdə əmək fəaliyyəti göstərən şəxslər üçün olduqca əhəmiyyətlidir:

"Çünki əmək münasibətlərinin rəsmiləşdirilməsi yalnız tam iş günü çalışan şəxslərlə məhdudlaşmamalıdır. İnsan faktiki olaraq gündə 2 və ya 3 saat işləyirsə, onun əmək fəaliyyəti də qanunvericiliyə uyğun şəkildə rəsmiləşdirilməlidir. Məsələn, bir şəxs iki fərqli şirkətdə gündə 2 saat xadimə kimi çalışırsa, hər iki işəgötürənlə ayrıca əmək müqaviləsi bağlamaq imkanı onun hüquqlarının qorunmasına xidmət edəcək. Bu zaman həmin şəxsin əmək fəaliyyəti rəsmi əmək stajında əks olunacaq, əməkhaqqı rəsmiləşdiriləcək və qanunvericiliklə nəzərdə tutulan sosial sığorta ödənişləri həyata keçiriləcək".

Mütəxəssi əlavə edib ki, ən vacib üstünlüklərdən biri bu şəxslərin qeyri-rəsmi əmək münasibətlərindən çıxaraq əmək hüquqlarının təminatına sahib olacaqlarıdır:

"Eyni zamanda, gələcəkdə pensiya kapitalının formalaşması, sosial təminat və digər əmək hüquqlarından istifadə baxımından da bu mexanizm əhəmiyyət daşıyır. Düşünürəm ki, bu dəyişiklik xüsusilə xadimə, mühafizəçi, kuryer və digər qısamüddətli iş rejimində çalışan şəxslər üçün faydalı olacaq. Çünki əmək bazarında hər kəsin tam iş günü işləmək imkanı və ya ehtiyacı yoxdur. Əsas məsələ iş vaxtının müddəti deyil, mövcud əmək münasibətlərinin şəffaf və qanuni şəkildə rəsmiləşdirilməsidir.

Ümumilikdə, bu mexanizm həm işçilərin sosial müdafiəsini gücləndirə, həm də əmək bazarında qeyri-rəsmi məşğulluğun azalmasına müsbət təsir göstərə bilər".

Beləliklə, yeni mexanizm həm işçilərin sosial müdafiəsini gücləndirəcək, həm də qeyri-rəsmi məşğulluğun azalmasına ciddi təsir göstərəcək.