Bakının Qaradağ rayonunda 22 yaşlı oğlan həmcinsinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Qobu Park 2 yaşayış kompleksində baş verib.
Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Əhliman həmin kompleksdə binalardan birinin birinci mərtəbəsində yerləşən mağazanın qarşısında İlqarla (adlar şərtidir – red.) mübahisə edib.
İstintaq sənədlərinə görə, mübahisəyə Əhlimanın İlqarın xalası Əminənin yaşadığı mənzilin qapısının zədələnməsi ilə bağlı irad bildirməsi səbəb olub. Mübahisə zamanı Əhliman yanında olan itin ağızlığını açaraq onu İlqarın üzərinə saldırıb. Daha sonra itin boyunluğuna bağlanan ipdən silah qismində istifadə edərək İlqarın baş nahiyəsinə zərbələr endirib.
Əhliman barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilən, zərərçəkmiş şəxsə zor tətbiq olunması və ya özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmədə Əhliman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, hadisə günü gecə saatlarında itini gəzdirmək üçün evdən çıxıb. Bir müddət sonra mağazanın qarşısından keçərkən İlqarın onu çağırdığını deyib.
Əhlimanın sözlərinə görə, İlqarla əvvəllər heç bir problemi olmayıb və münasibətləri normal olub.
Onun ifadəsinə görə, İlqar xalasının qapısının sındırıldığını və bunu Əhlimanın etdiyini deyib. Əhliman isə qapını sındırmadığını və hadisədən xəbərsiz olduğunu bildirib. Tərəflər arasında söyüşlü mübahisə olub və İlqar onu yumruqla vurub.
Əhliman bildirib ki, yerə yıxıldıqdan sonra iti İlqara hücum edib:
"Yerə yıxılan zaman it ona hücum etdi. Həmin vaxt itin ağızlığı olub. O, itin başından tutduğu üçün ağızlıq açıldı. Mən iti İlqarın üzərinə saldırmamışam. İlqar məni vurduğu üçün it ona hücum etdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə zamanı ətrafda heç kim olmayıb. Onun sözlərinə görə, hadisədən sonra ətrafdakılar əraziyə toplaşıb, özü isə iti götürərək oradan uzaqlaşıb.
İş üzrə zərərçəkmiş İlqar isə Əhlimanın xalası Əminənin onun anası ilə mübahisə etdiyini bildirib. Onun sözlərinə görə, xalası Əhlimanın ertəsi gün evə gələrək təzyiq göstərdiyini və qapını təpiklə vurduğunu deyib.
İlqar bildirib ki, xalası mənzilin qarşısına kamera quraşdırılmasını istəyib. Daha sonra Əhlimanın kim olduğunu öyrənib və onun it gəzdirdiyini müəyyənləşdirib.
Hadisə günü işlədiyi mağazanın qarşısında olarkən Əhlimanın it gəzdirdiyini görən İlqar onu yanına çağırıb. Onun sözlərinə görə, Əhlimandan xalasının evinə gedərək onunla niyə mübahisə etdiyini soruşub. Tərəflər arasında mübahisə yaranıb.
İlqar ifadəsində bildirib ki, Əhliman itin ağızlığını açaraq onu üzərinə saldırıb və it qolundan yapışıb. O, yerə yıxıldıqdan sonra Əhlimanın itin boynuna bağlanan iplə başına bir neçə dəfə vurduğunu deyib.
İlqarın sözlərinə görə, itdən qurtulduqdan sonra mağazaya qaçıb. Daha sonra ətrafdakı şəxslər ona tibbi yardım göstərib və o, əvvəlcə Lökbatan qəsəbəsində yerləşən təcili tibbi yardım şöbəsinə, daha sonra isə "Semaşka" xəstəxanasına aparılıb.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Əhliman 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


