Türkiyəli aktrisa Devrim Özkanın ərəb şeyxi ilə şam yeməyi üçün Dubaya getdiyi və bunun müqabilində 2,5 milyon dollar təklif aldığı barədə yayılan məlumatlar müzakirələrə səbəb olub. Aktrisa iddiaları qəti şəkildə təkzib edib.
Demokrat.az xəbər verir ki, mətbuatda Özkanın yüksək məbləğdə təklifi qəbul edərək Dubaya yollandığı iddia olunub.
Aktrisanın menecerlik şirkəti məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, Devrim Özkan qlobal brendlə əməkdaşlıq çərçivəsində xüsusi jurnal üz qabığı üçün fotosessiyada iştirak etmək məqsədilə Dubayda səfərdədir.
Açıqlamada aktrisa haqqında mətbuatda və sosial şəbəkələrdə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi, heç bir konkret fakta əsaslanmadığı vurğulanıb. Şirkət təsdiqlənməmiş məlumatların yayılmasına etiraz edib.
Devrim Özkan da məsələ ilə bağlı paylaşım edərək iddiaları yayanlara sərt reaksiya göstərib.
O, ironik şəkildə yayılan xəbərlərdə qeyd olunan məbləğin ona ödənilməsini arzuladığını bildirib. Aktrisa həmin pulla baytarlıq klinikalarına borcu olan heyvansevərlərin xərclərini qarşılaya biləcəyini qeyd edib.
Özkan, həmçinin vəkili ilə birlikdə əlində olan 100-dən çox ekran görüntüsünü hüquqi müstəvidə təqdim edəcəyini və böhtan xarakterli məlumatları yayanlarla məhkəmədə hesablaşacağını bildirib.


