Bazarlarda bəzi məhsulların daha təzə və keyfiyyətli görünməsi üçün üzərinə su səpilməsi halları ilə rastlaşılır. Mövsümü keçməsinə baxmayaraq, bəzi məhsulların satışda qalması da istehlakçılarda şübhə yaradır. Məsələn, noyabr ayında olmağımıza baxmayaraq, bazarlarda hələ də yaş qoz satılır. Halbuki, yaş qozun əsas mövsümü sentyabr ayıdır. İddialara görə, satıcılar məhsulların çəkisini artırmaq və nəticədə daha baha satmaq məqsədilə bu üsula əl atırlar.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında bildirib ki, ölkədə istehlakçı siyasəti çox zəifdir:
"Biznes qurumları istədiklərini edirlər və təəssüflər olsun ki, bu məsələlərə cavabdeh olan dövlət qurumlarının da əlləri-qolları bağlıdır, yoxlamalar həyata keçirə bilmirlər. Mən təklif edirəm ki, şikayətlər daxil olduqda təcili yoxlamalar aparılsın. Bu günlərdə belə bir şikayətlə qarşılaşdıq. Bir un məhsulu gətirmişdilər və onun içərisinin bitlərlə dolu olduğu bildirilirdi. Təxminən 40 dəqiqə vaxt tapa bildim ki, dövlət orqanları və biznes qurumu ilə əlaqə saxlayım, şikayətçinin narazılığını aidiyyəti qurumlara çatdıraq. Yəni, ortada belə bir formal və effektsiz əlaqə mexanizmi var. Bu da mövcud vəziyyətin sübutlarından biridir. Qozun yaş olması məsələsinə gəlincə, təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi bu barədə mövqe bildirmir. Bu hal davam edir. Qozun üzərinə su səpilir, isladılır və daha ağır olması, nəticədə daha baha satılması üçün bu üsuldan istifadə olunur. Burada təəccüblü heç nə yoxdur".
Eyyub Hüseynovun sözlərinə görə, istifadə olunan suyun hansı tərkibdə olduğu da sual altındadır:
"Məhsulun hansı ölkədən gətirildiyi barədə məlumat yoxdur. Araşdırma aparmaq üçün bu malların heç bir sənədi də təqdim edilmir. Əlbəttə, belə qozların satışı arzuolunan deyil. Onlar çox qısa müddətdə kiflənə bilərlər. Əslində, qoz qurudularaq satışa çıxarılmalıdır. Lakin onu suda saxlayır, daha sonra satışa təqdim edirlər. Bu məsələ Azad İstehlakçılar Birliyini də narahat edir. Arzu edərdim ki, bütün bunlar Qida Təhlükəsizliyi Agentliyini də bir qədər narahat etsin və müvafiq tədbirlərin görülməsinə səbəb olsun".


