"Bank BTB" ASC-nin təşkilati-hüquqi formasını və adını dəyişdirərək çevrildiyi "T-Kredit" MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) yeni rəhbər təyinatı baş tutub.
Demokrat.az xəbər verir ki, Yurd.Media-nın əldə etdiyi məlumata görə, "Bank BTB" ASC-nin İdarə Heyəti Sədrinin müavini, İdarə Heyətinin üzvü olmuş Zaur Yusifov "T-Kredit" BOKT-a rəhbər təyin edilib.
O bu vəzifədə daha əvvəl "Bank BTB"-in Maliyyə departamentinin direktoru işləmiş, çevrilmədən sonra isə BOKT-a rəhbərlik etmiş Vüqar Rəfiyevi əvəzləyib.
Xatırladaq ki, "Bank BTB" bu ilin iyun ayında öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək "T-Kredit" BOKT-yə çevrildiyini elan edib.
Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə bankın müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə razılıq verilib.
Bankın aktivləri və öhdəlikləri Azərbaycan Beynəlxalq Bankına ötürülüb.
Qeyd ki, "Bank BTB" 2010-cu ildə təsis edilib. Onun nizamnamə kapitalı 71,45 milyon manat olub. Bankın səhmlərinin 76,74 %-i Nigar Mehdiyevaya, 17,68 %-i Müşahidə Şurasının sədri Rza Sadiqə, 5,58 %-i isə Tükəzban Mahmudovaya aid olub.
Bank BOKT-yə çevrildikdən sonra onun nizamnamə kapitalı hazırda 1 milyon manat təşkil edir.


