YapiKredi Müraciət Forması
Sağlamlıq Özəl

Alimlər yeni qida piramidası hazırla: Hansı məhsullara üstünlük verilməlidir?

Alimlər yeni qida piramidası hazırla: Hansı məhsullara üstünlük verilməlidir?

Beynəlxalq alimlər qrupu sağlam qidalanma ilə bağlı yeni qida piramidası hazırlayıb. Yeni modeldə tərəvəz, meyvə, paxlalılar və tam taxıllı məhsulların rasionda daha çox yer alması, ət və yüksək dərəcədə emal olunmuş qidaların isə məhdudlaşdırılması tövsiyə edilir.

Demokrat.az xəbər verir ki, yeni qidalanma piramidası Beynəlxalq Karbohidrat Keyfiyyəti Konsorsiumunun (ICQC) alimləri tərəfindən hazırlanıb. Tədqiqatlara ABŞ-ın Brigham Young Universitetinin professoru, dietoloq Karen Della Korte rəhbərlik edib. Araşdırmada Almaniyanın Paderborn Universitetinin professoru Anette Buyken də iştirak edib.

Alimlər yeddi ölkə və ya ölkələr qrupunun qidalanma tövsiyələrini müqayisə edib, 250-dən çox elmi araşdırmanı təhlil ediblər. Nəticələr Advances in Nutrition elmi jurnalında dərc olunub.

Yeni modelə əsasən, sağlam qidalanmanın əsasını bitki mənşəli məhsullar təşkil etməlidir. Tərəvəz, meyvə, paxlalılar, qoz-fındıq və tam taxıllı qidaların gündəlik rasionda payının artırılması tövsiyə olunur. Xüsusilə lobya, mərcimək və soya kimi bitki mənşəli zülal mənbələrinə, eləcə də keyfiyyətli bitki yağlarına diqqət çəkilir.

Ət, balıq, yumurta və süd məhsulları isə qidalanmada ikinci plana keçirilir. Şirniyyatların və yüksək dərəcədə emal olunmuş məhsulların mümkün qədər az istehlak edilməsi məsləhət görülür.

Tədqiqatçıların diqqət yetirdiyi əsas məsələlərdən biri də karbohidratların keyfiyyətidir. Onlar bildirirlər ki, məhsulun tərkibindəki lif və şəkərin miqdarı ilə yanaşı, onun qanda şəkərin səviyyəsinə necə təsir etdiyini göstərən qlisemik indeks də nəzərə alınmalıdır.

Bu baxımdan, bütün taxıllardan hazırlanan çörəklərə üstünlük verilməsi tövsiyə olunur. Qanda şəkərin kəskin yüksəlməsi xüsusilə insulin müqaviməti olan şəxslər üçün risk yarada, ikinci tip diabetin inkişafı baxımından əhəmiyyət daşıya bilər.

Qeyd edək ki, yeni qidalanma piramidası hələlik elmi model hesab olunur və Almaniyada qüvvədə olan rəsmi qidalanma tövsiyələrini əvəz etmir. Bununla belə, yeni yanaşma sağlam qidalanmada bitki mənşəli məhsulların artırılmasını, karbohidratların keyfiyyətinə diqqət yetirilməsini və emal olunmuş qidaların azaldılmasını ön plana çıxarır.