Qanda Tu-Stroma adlı RNT molekulunun səviyyəsinin yüksəlməsi uşaqlıq borularında xərçəngönü dəyişikliklərin göstəricisi ola bilər. Alimlər hesab edirlər ki, bu dəyişikliklər zamanla yumurtalıq xərçənginin yaranmasına səbəb ola bilər.
Demokrat.az xəbər verir ki, ABŞ-ın Hough Ailə Onkologiya İnstitutunun alimləri səkkiz il davam edən araşdırma nəticəsində bu molekulyar markeri müəyyən ediblər. Tədqiqatın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.
Araşdırma zamanı məlum olub ki, Tu-Stroma molekulunun yüksək səviyyəsi yalnız yumurtalıq xərçənginin erkən mərhələsində olan qadınlarda deyil, uşaqlıq borularında xərçəngönü dəyişikliklər aşkarlanan pasiyentlərdə də müşahidə edilir.
Tədqiqat müəllifləri bildirirlər ki, belə dəyişiklikləri ilkin mərhələdə müəyyənləşdirmək çətindir. Standart qan analizləri və görüntüləmə müayinələri adətən bu pozuntuları aşkar edə bilmir. Bəzi hallarda xərçəngönü dəyişikliklər yalnız uşaqlıq boruları və ya yumurtalıqların çıxarılması əməliyyatı zamanı təsadüfən üzə çıxır.
Alimlər aşkar etdikləri molekulyar marker əsasında qan testi hazırlayıb və onu ayrıca iştirakçı qrupunda sınaqdan keçiriblər. Nəticələrə görə, test xərçəngönü dəyişiklikləri 92,3 faiz hallarda düzgün müəyyən edib. Sağlam qadınların isə 98,2 faizində belə dəyişikliklərin olmadığını doğru göstərib.
Tədqiqatçılar hesab edirlər ki, bu üsul gələcəkdə bədxassəli şiş formalaşmazdan əvvəl təhlükəli prosesləri aşkarlamağa imkan verə bilər.
Testin xüsusilə yumurtalıq xərçənginə irsi meyilliliyi olan qadınlar üçün faydalı ola biləcəyi bildirilir. Bu qrupa xəstəliyin yaranma riskini artıran BRCA1 və BRCA2 gen mutasiyalarının daşıyıcıları daxildir.
Bununla belə, yeni analiz hələ geniş tibbi istifadəyə hazır deyil. Onun diaqnostik dəqiqliyi və xərçəngin erkən aşkarlanmasında real faydası əlavə tədqiqatlarla təsdiqlənməlidir.


