YapiKredi Müraciət Forması
Dünya Özəl

Beş süni intellekt nəhənginə qarşı məhkəmə iddiası: Nə tələb olunur?

Beş süni intellekt nəhənginə qarşı məhkəmə iddiası: Nə tələb olunur?

ABŞ-da dörd ictimai təşkilat dünyanın aparıcı süni intellekt şirkətlərinə qarşı məhkəmə iddiası qaldırıb. Təşkilatlar "Anthropic", "Google", "Meta", "OpenAI" və "SpaceX"in süni intellekt bölməsi olan "SpaceXSI" şirkətlərinin ən qabaqcıl modellərin hazırlanmasını müvəqqəti dayandırmasını tələb edirlər.

Demokrat.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

"Alliance for Secure AI", "Irreplaceable Education Fund", "Public Citizen" və "Heat Initiative" təşkilatlarının müraciəti San-Fransisko Ali Məhkəməsinə təqdim olunub. İddia Kaliforniyanın haqsız rəqabət haqqında qanununa əsaslanır.

İddiaçılar hesab edirlər ki, süni intellekt şirkətlərinin rəhbərləri öz texnologiyalarının ciddi təhlükələr yarada biləcəyini dəfələrlə etiraf etsələr də, yeni modellərin hazırlanmasını davam etdirirlər. Onların fikrincə, şirkətlər bu sistemlər üzərində tam nəzarətə malik olmadıqlarını və mümkün zərərin qarşısını almaq üçün etibarlı mexanizmlərinin olmadığını bilirlər.

Təşkilatların əsas narahatlıqlarından biri süni intellektin özünü təkmilləşdirməsi prosesidir. Bu texnologiya gələcək nəsil süni intellekt modellərinin insan müdaxiləsi olmadan əvvəlki sistemlər tərəfindən hazırlanmasını nəzərdə tutur.

İddia ərizəsində süni intellekt agentlərinin özəl şirkətlərin sistemlərinə sızması, dövlət məlumat bazalarına icazəsiz daxil olması və saxta polis məlumatları verməsi kimi hadisələr də risk nümunələri kimi göstərilib.

İddiaçıların vəkili, Nyu-Cersinin keçmiş baş prokuroru Metyu Platkin bildirib ki, məhsullarının təhlükəli olduğunu bilən şirkətlərin onları inkişaf etdirərək bazara çıxarması qanunsuz hesab edilməlidir.

Təşkilatlar mövqelərini texnologiya sektorunun rəhbərlərinin əvvəlki açıqlamaları ilə də əsaslandırırlar. Belə ki, "OpenAI" rəhbəri Sem Altman 2015-ci ildə süni intellektin böyük ehtimalla dünyanın sonunu gətirə biləcəyini söyləmişdi. "Anthropic" şirkətinin baş icraçı direktoru Dario Amodei isə 2025-ci ildə süni intellektin dağıdıcı nəticələrə səbəb olma ehtimalını 25 faiz qiymətləndirmişdi.

İddiaçılar təkcə yeni modellərin hazırlanmasının dayandırılmasını deyil, həm də bu sahədə dövlət nəzarətinin gücləndirilməsini istəyirlər. Təkliflər arasında böyük hesablama mərkəzlərinin dövlət tərəfindən yoxlanılması, müstəqil ekspert qiymətləndirmələrinin keçirilməsi, şirkətlər üçün daha sərt hüquqi məsuliyyət və ayrıca tənzimləyici qurumun yaradılması da var.

"Irreplaceable Education Fund" təşkilatının rəhbəri Fil Aroneanu bildirib ki, real məhdudiyyət hansı tədqiqatların dayandırılacağını və şirkətlərin bu tələblərə əməl etməsinin necə yoxlanılacağını dəqiq müəyyənləşdirməlidir.

"Heat Initiative" təşkilatının rəhbəri Bruk İstuk isə təhlükələrin gerçəkləşməsini gözləmək niyyətində olmadıqlarını vurğulayıb.

Beləliklə, iddia süni intellekt sənayesində təhlükəsizlik və texnoloji inkişaf arasında tarazlıq məsələsini yenidən gündəmə gətirib. Məhkəmənin tələblərlə bağlı hansı qərarı verəcəyi isə hələ məlum deyil.