ABŞ-da alimlər indiyədək məlum olmayan, tərkibində həm hallüsinogen, həm də ölümcül zəhərli maddələr olan göbələk növü aşkarlayıblar. "Qara sehr göbələyi" adlandırılan bu növ elmi baxımdan ilk belə nümunə hesab olunur.
Demokrat.az xəbər verir ki, Florida Universitetinin tədqiqatçıları tərəfindən müəyyən edilən göbələyin elmi adı "Galerina indica"dır. Araşdırmanın nəticələri noyabrın 11-də "Current Biology" jurnalında dərc olunub.
Göbələyi universitetin Ordway-Swisher Biologiya Stansiyasında növləri qeydə alan tələbə Endryu Kuniki aşkar edib. Kiçik, qəhvəyi rəngli göbələyin toxunduqda mavi rəngə çevrilməsi onun diqqətini çəkib. Bu xüsusiyyət adətən psilosibin tərkibli, hallüsinasiya yaradan bəzi göbələk növlərində müşahidə olunur.
Lakin göbələk ölümcül zəhərləri ilə tanınan "Galerina" cinsinə aid idi. Bu cinsin bəzi nümayəndələrində qaraciyərə ciddi zərər vura bilən amatoksinlər mövcuddur.
Tədqiqatçılar göbələyin genetik və kimyəvi analizlərini aparıblar. Endryu Kunik genom araşdırmasını, Florida Universitetinin Kimya fakültəsindən Maykl Kristofer isə kimyəvi təhlili həyata keçirib. Nəticədə nümunədə həm psilosibin, həm də amatoksinlərin olduğu təsdiqlənib.
Psilosibin insanın qavrayışına və şüuruna təsir edərək hallüsinasiyalara səbəb ola bilən maddədir. Amatoksinlər isə ağır, hətta ölümcül göbələk zəhərlənmələrinə yol aça bilər. Alimlər bu iki birləşmənin eyni göbələk növündə mövcud ola biləcəyini ehtimal etsələr də, indiyədək bunu təsdiqləyən nümunə qeydə alınmamışdı.
Araşdırmanın müəllifləri hesab edirlər ki, bu maddələrin yaranmasını təmin edən genlər göbələyin genomuna digər növlərdən ən azı iki ayrı üfüqi gen transferi nəticəsində keçmiş ola bilər. Bu proses zamanı genetik material valideynlərdən nəslə ötürülməklə deyil, fərqli orqanizmlər arasında birbaşa mübadilə yolu ilə yayılır.
Alimlər psilosibinin göbələk üçün hansı funksiyanı yerinə yetirdiyini hələ də dəqiq bilmirlər. Amatoksinlərin isə onu yeyə biləcək heyvanlardan qorunmaq məqsədi daşıdığı ehtimal edilir. Tədqiqatçılar gələcəkdə müvafiq genləri sıradan çıxarmaqla bu maddələrin göbələklərin həyatındakı rolunu müəyyənləşdirməyi planlaşdırırlar.
Mütəxəssislər naməlum göbələkləri yeməyin təhlükəli olduğunu xatırladırlar. Onların zəhərli olub-olmadığını yalnız görünüşünə əsasən müəyyən etmək mümkün deyil.




