Yanvar–sentyabr aylarında Azərbaycana 943,2 milyon dollar dəyərində 50 min 898 minik avtomobili idxal olunub. Minik avtomobillərinin idxalı real ifadədə 34,9 faiz, nominal ifadədə isə 34,1 faiz azalıb.
İdxaldakı təxminən 35 faizlik azalmanın əsas səbəbi nədir, bu proses gömrük rüsumlarının və vergi güzəştlərinin dəyişməsi ilə bağlıdır, yoxsa daxili bazarda alıcılıq qabiliyyətinin zəifləməsindən qaynaqlanır? Xaricdən gətirilən avtomobillərin sayındakı bu azalma daxili təkrar bazarda, yəni ikinci əl maşınların qiymətində bahalaşmaya səbəb olacaq?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, əvvəlki illərdə ekoloji təmiz nəqliyyat vasitələrinə, xüsusilə elektrikli və hibrid avtomobillərə gömrük rüsumları və vergilərlə bağlı xüsusi güzəştlər tətbiq edilirdi:
"Artıq ötən ilin dördüncü rübünün əvvəlindən hər kəsə məlum idi ki, 2026-cı il yanvarın 1-dən bu güzəştlərin müddəti başa çatacaq. Məhz bununla əlaqədar ötən il müxtəlif işbazlar, yəni paralel idxal adlandırdığımız, rəsmi deyil, qeyri-rəsmi kanallarla avtomobil gətirən şəxslər ölkəyə kifayət qədər avtomobil idxal etdilər. Onlar avtomobilləri fiziki şəxslərin adına rəsmiləşdirərək bu il daha baha qiymətə satmaq niyyəti ilə gətirmişdilər. Sözsüz ki, gətirilən avtomobillərin çoxluğu bazarda müəyyən durğunluq yaratdı. Ötən il alan aldı, satan satdı. Ötən ilin idxalı cari ilin idxal payına da təsir göstərdi. Güzəştlərin müddəti başa çatdıqdan sonra ölkədə əvvəlki dövrlərdə ciddi şəkildə ucuzlaşmış ikinci əl avtomobil bazarında müəyyən canlanma müşahidə olundu. Belə ki, 2024-cü ilin sonu və 2025-ci il ərzində ikinci əl avtomobillərin qiymətləri 40-45 faizə qədər aşağı düşmüşdü. Güzəştlərin başa çatmasından sonra isə bu bazarda qiymətlərin 30-35 faiz qayıtması baş verdi. Avtomobillərin dəyəri əvvəlki qiymətlərə bir qədər yaxınlaşdı və ikinci əl bazarı canlanmağa başladı. Bu bazarda da, təbii ki, böyük mühərrikli avtomobillərə deyil, daha çox kiçik mühərrikli nəqliyyat vasitələrinə, xüsusilə hibrid avtomobillərə maraq artdı".
Eyyub Əliyev qeyd edib ki, beləliklə, ötən ilin idxal həcmi cari ilin idxal göstəricilərinə də təsir etdi və nəticədə bu il avtomobil idxalında azalma müşahidə olundu:
"Lakin bu, qorxulu və ya katastrofik vəziyyət deyil. Bildiyiniz kimi, ölkəmizdə həm yerli avtomobil istehsalı, həm də utilizasiya prosesi həyata keçirilir. Utilizasiya prosesi davam edirsə, deməli, ölkəyə yeni avtomobillərin idxal dinamikasında müəyyən müddətlik azalma baş verə bilər. Ancaq qarşıdakı ildə avtomobil idxalının daha da azalacağını düşünmürəm və belə bir proqnoz vermirəm. Əksinə, gələn il idxal dinamikasının yüksək olacağını gözləyirəm. Bildiyiniz kimi, utilizasiya proqramı çərçivəsində artıq 40 mindən çox avtomobil təhvil verilib. Həmin avtomobilləri utilizasiyaya təqdim edən şəxslərin əksəriyyəti isə yeni avtomobillər əldə edirlər. Bütün bu prosesləri nəzərə alsaq, ölkəyə avtomobil idxalının azalması müvəqqəti xarakter daşıya bilər".


