YapiKredi Müraciət Forması
Özəl Region

Göy məscidin tarixi kimliyi təhrif olunur — Deputat

Göy məscidin tarixi kimliyi təhrif olunur — Deputat

"İrəvanda yerləşən Göy məscid Azərbaycan xalqının tarixi-mədəni irsinin mühüm nümunələrindən biridir. Cari ilin noyabrın 9-da bu abidənin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsi abidənin tarixi və dini kimliyinin qorunması baxımından ciddi suallar doğurur. Mədəni irs siyasi məqsədlər naminə yenidən yozulmamalıdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.

Onun sözlərinə görə, burada məsuliyyət ilk növbədə Ermənistan dövlətinin üzərinə düşür:

"Abidə Ermənistan ərazisində yerləşir və onun tarixi, dini təyinatının, eləcə də memarlıq bütövlüyünün qorunması dövlətin birbaşa məsuliyyətidir. İranın da bu məsələdə məsuliyyəti kifayət qədər böyükdür. Belə ki, İranın vitse-prezidenti advermə mərasimində şəxsən iştirak edib və lövhənin açılışı zamanı öz fikirlərini ifadə edib. Bu addım, heç şübhəsiz, məscidlə bağlı siyasi legitimlik görüntüsü yaratmağa xidmət edir. Özünü İslam dünyasının müdafiəçisi kimi təqdim edən rəsmi Tehranın müsəlman dini abidəsinin tarixi kimliyinə bu cür məsuliyyətsiz yanaşması qəbuledilməzdir".

Elman Nəsirov vurğulayıb ki, Göy məscidin tarixi kimliyinin qorunması məsələsi beynəlxalq mədəni irs gündəliyinə çıxarılmalıdır:

"Çünki söhbət təkcə bir məsciddən deyil, xalqımızın tarixi yaddaşından və mədəni irsinə hörmətdən gedir. Bununla bağlı Azərbaycanın müvafiq dövlət qurumları da sərt mövqe nümayiş etdiriblər. Noyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bəyanat yayaraq Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsin adının verilməsini tarixi-mədəni irsin təhrif olunması və sülh səylərinə qarşı təxribat kimi qiymətləndirib. Qafqaz Müsəlmanları İdarəsi də hadisəyə münasibətdə qəti etirazını bildirib və bunu Azərbaycanın dini-mədəni irsinə hörmətsizlik kimi dəyərləndirib.

Bütün reallıqları nəzərə alaraq hesab edirəm ki, bir sıra addımların atılması artıq zərurətə çevrilib. İlk növbədə, Ermənistan qarşısında tarixi abidənin dini və mədəni kimliyinin qorunması tələbi qoyulmalıdır. İkincisi, İran tərəfinə diplomatik kanallarla etiraz bildirilməli və bu addımlarla bağlı izahat tələb edilməlidir. Xüsusilə də İran vitse-prezidentinin mərasimdə iştirakı məsələsinə aydınlıq gətirilməlidir. Eyni zamanda, bu məsələ UNESCO və digər beynəlxalq mədəni irs platformalarında qaldırılmalıdır ki, gələcəkdə analoji hadisələrin təkrarlanmasının qarşısı alınsın.

Ümumilikdə hesab edirəm ki, bu addım nəticə etibarilə kövrək sülh prosesinə də zərbə vura biləcək hadisə kimi qiymətləndirilməlidir".