Noyabr ayı beş bürcün nümayəndələri üçün iş həyatında yeni imkanlar və gözlənilməz dönüşlərlə yadda qala bilər. Onlardan bəziləri vəzifə yüksəlişi, digərləri isə iş yerini dəyişmək və ya yeni gəlir mənbəyi əldə etmək barədə qərar verə bilərlər.
Demokrat.az xəbər verir ki, bu barədə "YourTango" astroloq Auste Qriqutisin fikirlərinə istinadən məlumat yayıb.
Astroloqun proqnozuna görə, Şir, Dolça, Əqrəb, Buğa və Xərçəng bürclərini noyabrda peşəkar həyatlarında mühüm dəyişikliklər gözləyə bilər.
Şir
Şir bürcləri uzun müddətdir göstərdikləri səylərin bəhrəsini görə bilərlər. Onların peşəkar nailiyyətləri rəhbərliyin və ətrafdakıların diqqətini çəkəcək. Nəticədə daha yüksək vəzifə təklifi almaq və ya perspektivli əməkdaşlığa başlamaq ehtimalı var. Astroloq hesab edir ki, noyabr Şirlər üçün bacarıqlarını nümayiş etdirmək və yeni imkanlardan yararlanmaq baxımından əlverişli dövr ola bilər.
Dolça
Dolçalar mövcud işlərindən və karyera perspektivlərindən narazılıq duya bilərlər. Bu vəziyyət onları gələcək planlarını yenidən nəzərdən keçirməyə vadar edəcək. Astroloq yaxın perspektivdə istədikləri nəticəni əldə edə bilməyəcəklərini düşünən Dolçalara yeni iş imkanlarını araşdırmağı və CV-lərini yeniləməyi tövsiyə edir. Hətta əvvəllər diqqətdən kənarda qalan bir təklif onların həyatında yeni mərhələnin başlanğıcı ola bilər.
Əqrəb
Əqrəblər noyabrda əməyinin lazımi səviyyədə qiymətləndirilməsini tələb etməyə başlayacaqlar. Onlar daha yüksək vəzifəyə iddialı olmaq, yeni layihəyə başlamaq və ya şəxsi biznes qurmaq barədə düşünə bilərlər. Astroloqun fikrincə, bu bürcün nümayəndələri tərəddüdlərini kənara qoyaraq təşəbbüsü ələ almalıdırlar. Atılacaq cəsarətli addımlar karyerada ciddi dəyişikliklərə yol aça bilər.
Buğa
Buğalar üçün noyabr peşəkar prioritetləri yenidən müəyyənləşdirmək dövrü olacaq. Onlar indiki işlərinin həyat tərzlərinə və gözləntilərinə uyğun olub-olmadığını düşünəcəklər. Bəziləri üçün yüksək gəlir, digərləri üçün sərbəst iş qrafiki və ya sevdikləri sahədə çalışmaq daha vacib olacaq. Bu məqsədlə iş yerini dəyişmək, hətta başqa əraziyə köçmək və ya məsafədən işləməyə keçmək qərarı verilə bilər.
Xərçəng
Xərçəngləri isə maliyyə baxımından daha sərfəli əməkdaşlıq təklifi gözləyə bilər. Onlar indiyədək gəlir gətirməyən bacarıqlarını qazanc mənbəyinə çevirmək imkanı əldə edə bilərlər. Astroloq bu bürcün nümayəndələrinə əməkdaşlıq danışıqlarında öz dəyərlərini aşağı salmamağı və daha əlverişli şərtlər tələb etməkdən çəkinməməyi məsləhət görür.


