YapiKredi Müraciət Forması
Dünya Özəl

Ağ Ev yaxınlığındakı silahlı hücumun səbəbi məlum oldu

Ağ Ev yaxınlığındakı silahlı hücumun səbəbi məlum oldu

ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Evin yaxınlığında baş verən və iki nəfərin ölümü ilə nəticələnən silahlı hücumun təfərrüatları üzə çıxıb. İlkin araşdırmalar hadisənin şübhəlinin yaşadığı binanın rəhbərliyi ilə uzun müddət davam edən mübahisəsi zəminində baş verdiyini göstərir.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Hadisə Ağ Evdən təxminən 1,5 kilometr məsafədə yerləşən Logan Circle məhəlləsində qeydə alınıb. Hücum zamanı şübhəli şəxs də daxil olmaqla iki nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Məlumata görə, hücumu 55 yaşlı təcili tibbi yardım həkimi Mett Lambert törədib. O, üzvü olduğu ehtimal edilən VIDA Fitness idman zalında bir nəfəri güllələyərək öldürdükdən sonra binanın yeddinci mərtəbəsində yerləşən mənzilinə çəkilib. Daha sonra mənzilində barrikada quraraq eyvandan ətrafdakılara atəş açıb. Nəticədə daha dörd nəfər yaralanıb. Lambert isə sonradan özünü güllələyərək həyatına son qoyub.

Vaşinqton Metropolitan Polis İdarəsinin müvəqqəti rəisi Ceffri Kerroll hücum nəticəsində həyatını itirən şəxsin 46 yaşlı bina meneceri Ceyms Stüart olduğunu açıqlayıb.

İlkin araşdırmalara əsasən, Lambertin yaşadığı lüks yaşayış kompleksinin idarə heyəti ilə uzun müddətdir problemləri olub. Mübahisənin əsas səbəbləri binadakı texniki xidmət çatışmazlığı və onun mənzilində yaranan kif problemi ilə bağlı olub. Həkimin bu məsələlərə görə mənzil sahiblərinin birliyinin rəhbərliyinə qarşı məhkəmə iddiası qaldırdığı da üzə çıxıb.

Polis rəisi hücumun məhz həmin münaqişə ilə əlaqəli olduğunu düşündüklərini bildirib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.