YapiKredi Müraciət Forması
Kriminal Özəl

Qəhrəman söyüşlə danışdı, buna görə də onu vurdum — Məhkəmə

Qəhrəman söyüşlə danışdı, buna görə də onu vurdum — Məhkəmə

Bakının Yasamal rayonunda 55 yaşlı kişi baldızının qızının keçmiş həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1971-ci il təvəllüdlü Rüstəm baldızının qızı Seyranənin keçmiş həyat yoldaşı Qəhrəmanla (adlar şərtidir – red.) mübahisə edib.

İstintaq sənədlərinə görə, mübahisəyə Qəhrəmanın keçmiş həyat yoldaşının yaşadığı evə gələrək səs-küy salması səbəb olub.

Belə ki, Rüstəm şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı Qəhrəmanın ağız və burun nahiyəsinə qəsdən yumruqla zərbə vuraraq ona xəsarət yetirib.

Rüstəm barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə izahat verən Rüstəm ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində hadisə baş verən gün evdə olduğunu bildirib:

"Həmin vaxt Qəhrəman keçmiş həyat yoldaşı ilə dalaşırdı. Mən də onu çölə çıxardım ki, təmkinli olsun. Bu zaman əlbəyaxa olduq. Qəhrəman söyüşlə danışdı, buna görə də onu vurdum. Əməlimdən peşmanam, zərərçəkmiş şəxslə barışmamışam".

Təqsirləndirilən şəxs bildirib ki, baldızının qızı ilə eyni həyətdə yaşayıblar:

"Onlar Qəhrəmana uşağı göstərməli idilər. Niyəsə onun zəngini görməyiblər, mübahisə edirdilər. Mən də səsə çıxdım. Onu vurmaq niyyətim yox idi, məqsədim sadəcə onları ayırmaq idi. Onları ayırıb Qəhrəmanı həyətdən kənara apardım. Nalayiq söz dediyi üçün onu vurdum".

İş üzrə zərərçəkmiş Qəhrəman bildirib ki, hadisə günü uşağını görmək üçün həmin ünvana gedib. Onun sözlərinə görə, keçmiş həyat yoldaşı ilə eyni həyətdə yaşayırlar:

"Rüstəm keçmiş həyat yoldaşımın xalasının əridir. Gəlib müdaxilə etdi və mənə yumruq vurdu. Mən də polisə şikayət etdim. Daha sonra xəsarətlərin müəyyənləşdirilməsi üçün həkimə getdim. Onlar hətta 2-3 nəfər idilər, biri Rüstəmi tutmuşdu, Rüstəm də mənə vurdu. Mən söyüş söyməmişəm. Rüstəmin məni vurması da söyüşlə bağlı olmayıb".

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Rüstəm 1500 manat məbləğində cərimə cəzasına məhkum edilib.

Fariz Məlikli

Editor
Redaktor