Quba rayonunda kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Quba rayon sakini, 1997-ci il təvəllüdlü Mənsur birgə yaşadığı Zəminə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, mübahisə zamanı Mənsur qadının bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirərək ona xəsarət yetirib.
Mənsur barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə izahat verən Mənsur ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində 2020-ci ildə Göyçay rayon sakini Aydan adlı qadınla ailə həyatı qurduğunu bildirib. Onun sözlərinə görə, 2026-cı ilin aprel ayında Aydanın atası vəfat etdiyindən Aydan müvəqqəti olaraq anasının yaşadığı Göyçay rayonuna gedib və onunla birlikdə yaşamağa başlayıb.
Mənsur bildirib ki, həmin dövrdə "TikTok" sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda yaşayan Zəminə ilə tanış olub:
"Tanış olduqdan sonra Zəminə Naxçıvandan Quba şəhərinə gəldi. Həmin vaxtdan Quba şəhərində kirayə ev tutaraq birlikdə yaşamağa başladıq. Bir müddət kirayədə yaşadıqdan sonra kirayə haqqını verə bilmədiyim üçün Zəminəni valideynlərimlə birlikdə yaşadığım Quba şəhəri, H. Əliyev prospektində yerləşən evə apardım".
Təqsirləndirilən şəxs deyib ki, 2026-cı ilin iyun ayının əvvəlində Aydan Göyçay rayonundan onların yaşadığı evə qayıdıb:
"Aydan qayıtdıqdan sonra aramızda tez-tez mübahisələr yaranmağa başladı. Sonuncu dəfə hadisə günü, saat 16 radələrində evdə olarkən Zəminə ilə aramızda yenidən mübahisə baş verdi. Həmin vaxt yumruq və təpiklə Zəminənin bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarət yetirdim".
Mənsur ifadəsinin sonunda əməlindən peşman olduğunu bildirib.
İş üzrə zərərçəkmiş Zəminənin sözlərinə görə, ailəsi ilə birlikdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun kəndlərindən birində yaşayır:
"2026-cı ilin aprel ayının əvvəllərində "TikTok" sosial şəbəkəsində Quba rayon sakini Mənsurla tanış oldum. Tanış olduqdan sonra o, ailəsindən ayrıldığını və mənimlə birlikdə yaşamaq istədiyini bildirdi, məni Quba şəhərinə dəvət etdi. Aprel ayının əvvəlində Quba rayonuna gəldim. Qubaya gəldikdən sonra Mənsur kirayə ev tutdu və bir müddət birlikdə həmin evdə yaşadıq. Sonra məni öz evlərinə apardı".
Zərərçəkmiş bildirib ki, həmin ilin iyun ayının əvvəlində Mənsurun birinci arvadı Aydan onların yaşadığı evə gəlib və onlarla birlikdə yaşamağa başlayıb:
"Aydan gələndən sonra evdə tez-tez mübahisələr yaranmağa başladı. Sonuncu mübahisə hadisə günü, saat 16 radələrində baş verdi. Həmin vaxt Mənsur bədənimin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirərək məni döydü. Mübahisə zamanı orada kənar şəxslər olmayıb".
Quba Rayon Məhkəməsinin hökmü ilə Mənsur 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə cəza müddətində Quba rayonunun inzibati ərazisini tərk etmək, yaşayış yerini hər gün saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etmək qadağan olunub.
Bundan əlavə, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqana iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumat vermək vəzifələri qoyulub.


