YapiKredi Müraciət Forması
Şou-biznes Özəl

"Allah məni bu peşəni buraxmaq məcburiyyətində qoymasın"

Allah məni bu peşəni buraxmaq məcburiyyətində qoymasın

Türkiyəli aktrisa Demet Evgar karyerasının ən çətin dövrlərindən biri ilə bağlı açıqlamalar verib. O, prodüserliyini öz üzərinə götürdüyü "Makbet" tamaşasına görə illərlə topladığı bütün pulunu itirdiyini bildirib.

Demokrat.az xəbər verir ki, aktrisa bu barədə Ahmet Mümtaz Taylanın aparıcısı olduğu "Empati" proqramında danışıb.

Evgarın sözlərinə görə, tamaşanın hazırlanması ilə bağlı üzləşdiyi maliyyə çətinlikləri və güclü stress onun sağlamlığına da ciddi təsir göstərib. Aktrisa həmin dövrdə stress səbəbindən hətta yeriməkdə çətinlik çəkdiyini etiraf edib.

O, bu ağır mərhələni geridə qoymaq üçün dalğıclıqla məşğul olmağa başladığını və bunun ona müsbət təsir göstərdiyini deyib. Sənətini tərk etmək məcburiyyətində qalmamaq üçün dua etdiyini bildirən Evgar, "Allah məni bu peşəni buraxmaq məcburiyyətində qoymasın. Ətrafımdakılar üçün heç də yaxşı olmaz", - söyləyib.

Demet Evgar verilişdə aktrisa olmaq arzusunun uğrunda ailəsi ilə yaşadığı mübarizədən də danışıb.

O bildirib ki, hələ 17 yaşında olarkən konservatoriyada təhsil almaq istəyib. Lakin Anadolu Ticarət Liseyində oxuduğu vaxt atası əvvəlcə başqa bir məktəbi bitirməsini tələb edib. Bundan sonra Evgar istəyindən vaz keçməmək üçün aclıq aksiyasına başlayıb.

Aktrisanın sözlərinə görə, həmin müddətdə çəkisi 49 kiloqramdan 38 kiloqrama qədər düşüb, saçları tökülüb və imtahanlara pariklə qatılmalı olub.

Evgar ailəsi ilə söhbətini belə xatırlayıb:

"Atamdan demokratik ailə olub-olmadıqlarını soruşdum. ‘Bəli" cavabını verdi. Mən də tətil hüququmdan istifadə etdim və yemək yemədim. Onlar mənim yemək yediyimi düşünürdülər, amma həqiqətən aclıq aksiyası keçirirdim".

Aktrisa məhz həmin dövrdə həyat məqsədini tapdığını və aktyorluq sənətinə nə qədər bağlı olduğunu ailəsinə sübut etdiyini bildirib.