Qaradağ rayonunun Qobustan qəsəbəsində daha bir körpü sökülərək yenidən tikiləcək.
Demokrat.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) M2 Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində yerləşən körpünün yenidən qurulmasına başlayıb.
Bu, Qobustan qəsəbəsində yenilənən sayca dördüncü, son aylarda isə Qaradağ rayonunda yenidən tikintisinə başlanılan altıncı körpüdür.
Mövcud körpünün istismar müddətini başa vurması və texniki vəziyyəti nəzərə alınaraq onun yerində müasir tələblərə uyğun yeni körpünün inşası nəzərdə tutulub.
Qeyd edək ki, son aylarda Qobustan qəsəbəsində yerləşən üç körpünün tikintisi başa çatdırılıb. Bundan başqa, Qaradağ rayonunun Səngəçal-Çeyildağ avtomobil yolunun 13-cü kilometrliyində və Lökbatan-Güzdək avtomobil yolunun 2,2-ci kilometrliyində yerləşən körpülər də yenidən tikilərək istifadəyə verilib.
Hazırda Qobustan qəsəbəsində növbəti körpünün yenidən qurulması istiqamətində işlər davam etdirilir.


