YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

Kupçasız evlərə görə əmlak vergisi tələb olunur — Vətəndaş ödəməlidir?

Kupçasız evlərə görə əmlak vergisi tələb olunur — Vətəndaş ödəməlidir?

Azərbaycanda minlərlə vətəndaş çıxarışı olmayan, yəni "kupçasız" evlərdə yaşayır. Bəzi hallarda bələdiyyələr həmin evlərə görə sakinlərdən əmlak vergisi tələb edirlər.

Bəs çıxarışı olmayan evə görə əmlak vergisi hesablamaq qanunidir? Vətəndaş bu vergini ödəməkdən imtina edə bilərmi?

Demokrat.az-a bu barədə danışan əmlak eksperti Elnur Azadov bildirib ki, hüquqi baxımdan əmlak vergisinin tətbiqi üçün əsas şərtlərdən biri həmin əmlakın mülkiyyət hüququnun rəsmi qaydada tanınmasıdır.

Kupçasız evlərə görə əmlak vergisi tələb olunur — Vətəndaş ödəməlidir?

Onun sözlərinə görə, çıxarışı olmayan, qanunsuz tikili hesab edilən evlərə görə əmlak vergisinin tələb olunması qanuni əsaslara söykənmir:

"Çünki vergiyə cəlb edilə bilən əmlak və torpaq sahələri arasında hüquqi fərq var. Bəzi hallarda vətəndaşın yaşadığı evin çıxarışı olmasa da, həmin tikilinin yerləşdiyi torpaq sahəsi onun mülkiyyətində ola bilər. Belə vəziyyətdə torpaq sahəsinə görə torpaq vergisinin hesablanması mümkündür. Lakin bu, həmin ərazidə yerləşən tikiliyə görə də əmlak vergisi ödənilməli olduğu anlamına gəlmir. Torpaq vergisi ilə əmlak vergisi ayrı-ayrı vergi növləridir və onların tətbiqi üçün fərqli hüquqi əsaslar mövcuddur. Eyni məsələ çoxmənzilli yaşayış binalarına da aiddir. Məsələn, bina tikilib istifadəyə verilməyibsə və ya istifadəyə verilsə belə, konkret mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmayıbsa, həmin mənzilə görə əmlak vergisinin tələb edilməsi hüquqi baxımdan mübahisəlidir. Bələdiyyələr müəyyən hallarda vətəndaşlara vergi ilə bağlı bildiriş və ya ödəniş sənədi göndərə bilərlər. Ancaq belə bir sənədin göndərilməsi özlüyündə vətəndaşın həmin vergini ödəmək öhdəliyinin yarandığı demək deyil. Əgər əmlakın mülkiyyət hüququ rəsmiləşdirilməyibsə, vətəndaşdan həmin tikiliyə görə əmlak vergisinin tələb olunması qanunvericiliyə uyğun olmaya bilər. Vətəndaş belə bir tələblə qarşılaşdıqda onun hüquqi əsasını sorğulamaq və müvafiq qaydada etiraz etmək hüququna malikdir".