YapiKredi Müraciət Forması
Özəl Cəmiyyət

"Bu göstəricinin arxasında fərqli hallar dayanır"

Bu göstəricinin arxasında fərqli hallar dayanır

Son illərdə bəzi işəgötürənlər uzun müddət eyni vəzifədə çalışan işçilərlə müddətsiz əmək müqaviləsi əvəzinə qısamüddətli müqavilələr bağlamağa üstünlük verirlər.

Bəs işəgötürən uzun illər çalışan işçinin əmək müqaviləsini birtərəfli qaydada müddətli müqaviləyə çevirə bilərmi? Belə hallarda işçinin hüquqları necə qorunur və qanunsuz müqavilə dəyişikliklərinə qarşı hansı hüquqi addımlar atıla bilər?

Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda işçilərin işə qəbulu və əmək müqaviləsinə xitam verilməsi prosedurlarının mürəkkəbliyi ilə bağlıdır.

Onun sözlərinə görə, bu il açıqlanan statistikaya görə, əmək müqaviləsinə xitam verilən işçilərin 83 faizi öz ərizəsi ilə işdən ayrılıb:

"Lakin bu göstəricinin arxasında fərqli hallar dayanır. Belə ki, bəzi işəgötürənlər işçilərə müəyyən maddələrlə işdən çıxarılacaqlarını bildirərək onları öz ərizələri ilə işdən ayrılmağa məcbur edirlər. Məhz buna görə işəgötürənlər özlərini sığortalamaq məqsədilə işçilərlə müddətli əmək müqavilələri bağlamağa çalışırlar. Bu, müqavilənin müddəti başa çatdıqda onun uzadılmaması və əmək münasibətlərinə xitam verilməsini asanlaşdırır. Əslində, Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən, görülən işin və göstərilən xidmətin xarakteri daimi olduqda, bir qayda olaraq, müddətsiz əmək müqaviləsi bağlanmalıdır. Lakin işəgötürənlər həmin maddənin "f" bəndinə tərəflərin qarşılıqlı razılığına istinad edərək müddətli müqavilələr bağlayırlar. Halbuki bir çox hallarda işçi bu şərtlə razılaşmağa məcbur qalır. Çünki müddətli müqavilə ilə işləməyə razı olmadıqda, onu ümumiyyətlə işə qəbul etmirlər. İşə qəbul zamanı vətəndaşa müddətli əmək müqaviləsi təklif olunur. İşçi bununla razılaşmadıqda isə işə götürülmür. Nəticədə şəxs iş əldə etmək üçün bu şərti qəbul etməli olur. Hətta bəzi işəgötürənlər beşillik müddət tamamlandıqdan sonra əmək müqaviləsinin avtomatik olaraq müddətsiz hesab edilməsinin qarşısını almaq üçün həmin müddət başa çatmamış işçini işdən çıxarır, daha sonra isə yenidən işə qəbul edirlər. Beləliklə, müqavilənin müddətsiz müqaviləyə çevrilməsindən yayınmağa çalışırlar. Əslində, bu cür yanaşmalar qanunvericiliyin tələblərinə ziddir. Bütün bunların əsas səbəblərindən biri isə əmək münasibətlərinə xitam verilməsi ilə bağlı prosedurların mürəkkəbliyidir. İşəgötürənlər işlərinə uyğun hesab etmədikləri işçilərlə əmək münasibətlərinə xitam verməkdə çətinlik çəkdikləri üçün özlərini sığortalamaq məqsədilə müddətli əmək müqavilələrinə üstünlük verirlər".