Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün adi ipoteka kreditləşməsi üzrə yeni limitlər ayrılıb.
Bəs yeni limitlər mənzil almaq istəyən vətəndaşların tələbatını qarşılamağa kifayət edəcəkmi? Hazırkı mənzil qiymətləri fonunda ipoteka ilə ev almaq nə dərəcədə əlçatandır?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Demokrat.az-a açıqlamasında bildirib ki, yeni limitlərin ayrılması olduqca müsbət təqdirəlayiq addımdır.

Onun sözlərinə görə, ayrılan vəsait vətəndaşların mövcud ipoteka tələbatını tam qarşılamaq üçün kifayət etməyəcək:
"Tikinti həcminə olan ehtiyac çoxdur, mənzillərə olan ehtiyac isə çox böyükdür. Sosial layihələr, o cümlədən ipoteka kreditləşməsi, satış məqsədilə kirayə mənzillər və MİDA tərəfindən tətbiq olunan layihələr ümumilikdə mənzil ehtiyacının maksimum 10-15 faizini ödəyə bilər. Yəni hələ 80 faizdən çox tələbat gözləmədədir. Bu da sosial layihələrin həcminin genişləndirilməsini zəruri edir.
Ölkədə tikinti həcmi böyüməlidir ki, mənzilə olan tələbat həll olunsun. Təkcə kredit limitlərinin ayrılması əsas məsələ deyil. Burada həm də vətəndaşların bu imkanlardan yararlana bilməsi, sistemin funksionallığının artırılması, şəffaflığın təmin olunması və müəyyən yeniliklərin həyata keçirilməsi vacibdir. Bunlar ipoteka mənzil əlçatanlığının təmin olunması üçün müəyyən şərait yarada bilər.
Hazırda bizim İpoteka və Kredit Zəmanət Fondunun sisteminə, güman edirəm ki, on minlərlə vətəndaş müraciət edir. Təbii ki, ayrılan limitlər tələbatın cəmi 5-7 faizi civarında olan hissəsini ödəyəcək. Bu da limitlərdən yararlana bilməyənlər arasında çox böyük narazılıq yaradır.
Sosial layihələrin həcmini genişləndirmək lazımdır. Bu, mənzil tikintisi və eyni zamanda ipoteka kreditləşməsi ilə bağlıdır. Hazırda qiymətlər də çox yüksəkdir. Adi ipoteka kreditlərində 150 min manat ayrılır. Hal-hazırda ən azı birotaqlı mənzil əldə etmək üçün təqribən 200-250 min manat tələb olunur. İkiotaqlı mənzillər üçün isə, ailəli şəxslər və ailələr üçün nəzərdə tutulan mənzilləri əldə etmək məqsədilə 300-350 min manat tələb olunur.
Qiymətlərin əvvəlki dövrlə müqayisədə ciddi şəkildə artdığını nəzərə alaraq, biz təklif etmişik ki, adi ipoteka kreditlərinin 200 min manata, güzəştli ipoteka kreditlərinin isə 150 min manata çatdırılması həyata keçirilsin. İllik faiz dərəcəsi 8 faizdir, müddət 25 ildir. Güzəştli ipotekada 100 min manat, adi ipotekada isə 150 min manat ayrılır. Adi ipoteka artıq start götürüb.
Əlçatanlığın artırılması üçün tədbirlər görülməlidir. Amma yenə də kredit limitlərinin ayrılmasını alqışlamaq lazımdır. Çünki bu, əhalinin mənzil tələbatı olan müəyyən hissəsinin tələbatını ödəmək üçün kifayət edir. Eyni zamanda daşınmaz əmlak bazarını aktivləşdirir, iqtisadi münasibətlərin aktivləşməsinə təsir göstərir".


