YapiKredi Müraciət Forması
Texnologiya Özəl

2026-cı ilin ən güclü 4 qatlanan smartfonu - Hansı model daha üstündür?

2026-cı ilin ən güclü 4 qatlanan smartfonu - Hansı model daha üstündür?

2026-cı ildə qatlanan smartfon bazarında rəqabət yeni mərhələyə yüksəlib. "Apple", "Samsung" və "Google" şirkətlərinin təqdim etdiyi yeni modellər həm texniki göstəriciləri, həm də gündəlik istifadə imkanları ilə diqqət çəkir. Aparılan müqayisə göstərir ki, yüksək prosessor gücü yaxşı istifadə təcrübəsi üçün yeganə meyar deyil.

Demokrat.az xəbər verir ki, BGR-nin araşdırmasında materialda 2026-cı ildə bazara çıxan dörd güclü qatlanan smartfonun üstünlükləri və çatışmazlıqları təhlil edilib.

Siyahıda "Apple iPhone Duo", "Samsung Galaxy Z Fold 8 Ultra", "Google Pixel 11 Pro Fold" və "Samsung Galaxy Z Fold 8" modelləri yer alıb.

"Apple iPhone Duo" – prosessor gücü ilə seçilir

"Apple"ın ilk qatlanan telefonu hesab olunan iPhone Duo 2 nanometrlik texnologiya ilə hazırlanan A20 Pro prosessoru ilə təchiz edilib. Geekbench 7 testlərində cihaz birnüvəli sınaqda 4002, çoxnüvəli sınaqda isə 11 123 xal toplayıb.

5,4 düymlük xarici və 7,6 düymlük daxili ekranı olan smartfon tətbiqlər arasında keçid, oyun və fotoşəkillərin redaktəsi zamanı yüksək sürət nümayiş etdirib.

Bununla belə, modelin əsas çatışmazlığı kamera sistemidir. 48 meqapiksellik sensorlara malik telefonda ayrıca telefoto kamera yoxdur. Yaxınlaşdırma 2x rəqəmsal kəsmə ilə həyata keçirilir. Təxminən 255 qram çəkisi olan cihazın qiyməti 1999 dollardır.

"Samsung Galaxy Z Fold 8 Ultra" – ekran və kamera imkanları

"Samsung"un ən təkmil qatlanan modeli Snapdragon 8 Elite Gen 5 for Galaxy prosessoru ilə işləyir. 12 və 16 GB RAM seçimləri olan smartfon 8 düymlük LTPO AMOLED 2X ekranla təchiz edilib.

Ekranın maksimal parlaqlığı 3000 nit, batareyanın tutumu isə 5000 mAh təşkil edir.

Kamera sistemi də modelin əsas üstünlüklərindəndir. Buraya optik sabitləşdirməli 200 MP əsas kamera, 50 MP ultra genişbucaqlı kamera və 3 qat optik yaxınlaşdırma imkanı verən 10 MP telefoto kamera daxildir.

Lakin 2099 dollarlıq qiymətinə baxmayaraq, cihazın tozdan qorunması məhduddur. Bundan başqa, aşağı işıq şəraitində kamera performansı "Galaxy S26 Ultra"dan geri qalır.

"Google Pixel 11 Pro Fold" – kamera və çoxfunksiyalılıq

"Google"un təqdim etdiyi Pixel 11 Pro Fold prosessor testlərində rəqiblərindən geri qalsa da, gündəlik istifadə və çoxsaylı tətbiqlərlə eyni vaxtda işləmək baxımından diqqət çəkir.

Tensor G6 prosessoru və 16 GB operativ yaddaşla təchiz edilən model uzunmüddətli istifadə zamanı yüksək istilik yaratmaması ilə də fərqlənir.

Smartfonun kamera sisteminə 48 MP əsas, 10,5 MP ultra genişbucaqlı və 10,8 MP telefoto kamera daxildir. Sonuncu 5 qat optik yaxınlaşdırmanı dəstəkləyir. Süni intellekt əsaslı Super Zoom texnologiyası ilə isə 30 qat yaxınlaşdırma mümkündür.

Araşdırmada dörd model arasında ən uğurlu kamera təcrübəsinin məhz bu smartfonda olduğu qeyd edilir.

Cihazın 4750 mAh batareyası təxminən 5-6 saat ekran istifadəsi təmin edir. 30 Vt sürətli enerji doldurma imkanı və ekranın qatlanma yerində görünən iz isə çatışmazlıqlar sırasındadır. Modelin qiyməti 1899 dollardır.

"Samsung Galaxy Z Fold 8" – yüngüllük və performans

Müqayisədə yer alan digər model Galaxy Z Fold 8 eyni Snapdragon 8 Elite Gen 5 for Galaxy prosessorundan istifadə edir. Smartfon 12 və 16 GB RAM variantlarında təqdim olunur.

7,6 düymlük daxili ekranı 2448x1848 piksel təsvir ölçüsünə malikdir. 4800 mAh batareya intensiv istifadə zamanı bir günü tamamlaya bilir. 45 Vt enerji doldurma texnologiyası ilə təxminən 30 dəqiqədə batareyanı 65 faizə qədər doldurmaq mümkündür.

Kamera sistemində 50 MP əsas və 50 MP ultra genişbucaqlı sensorlar yer alır. Lakin optik yaxınlaşdırmanın olmaması bu modelin zəif tərəflərindəndir.

Təxminən 200 qram çəkisi ilə dörd smartfon arasında ən yüngül model olan Galaxy Z Fold 8-in digər üstünlüyü kompakt quruluşudur.

Hansı model daha yaxşıdır?

Müqayisənin nəticələrinə əsasən, iPhone Duo prosessor gücü, Galaxy Z Fold 8 Ultra ekran və texniki imkanları, Pixel 11 Pro Fold kamera və çoxfunksiyalı istifadəsi ilə seçilir. Galaxy Z Fold 8 isə yüngül çəkisi və güclü prosessoru ilə fərqlənir.

Beləliklə, 2026-cı ilin qatlanan smartfonları arasında vahid qalib müəyyənləşdirmək çətindir. Seçim istifadəçinin kamera keyfiyyətinə, batareya ömrünə, ekran imkanlarına və ya ümumi performansa üstünlük verməsindən asılıdır.