Avtomobil sahibi olmaq artıq təkcə maşın almaqla bitmir. Yanacaq, icbari sığorta, texniki xidmət, ehtiyat hissələri, parklanma və cərimələr sürücülərin büdcəsinə ciddi təsir göstərir. Xüsusilə Bakıda nəqliyyat sıxlığı və avtomobil saxlama xərcləri şəxsi avtomobilin zərurət, yoxsa əlavə maliyyə yükü olması məsələsini gündəmə gətirir. Bəzi hallarda gündəlik taksi xərclərinin avtomobil saxlamaqdan daha sərfəli olduğu da bildirilir.
Bakıda şəxsi avtomobil saxlamaq hazırda lüksə çevrilib, yoxsa zərurətdir? Yanacaq, sığorta, təmir və digər xərcləri nəzərə alsaq, avtomobil almaq və saxlamaq daha sərfəlidir, yoxsa gündəlik taksidən istifadə etmək?
Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Raqif Raufoğlu bildirib ki, avtomobilə sahib olmaq bir çox insan üçün zərurətdir.

Onun sözlərinə görə, dünya təcrübəsində isə belə bir yanaşma mövcuddur ki, demək olar ki, hər ailənin avtomobili olsa da, insanlar ondan gündəlik istifadə etməməyə çalışırlar:
"Məsələn, şəhərdən kənara və ya uzaq məsafələrə gedərkən şəxsi avtomobilə üstünlük verirlər. İşə gedib-gəlmək üçün isə mümkün qədər ictimai nəqliyyatdan istifadə edirlər. Çünki şəxsi avtomobillə hərəkət etmək daha baha başa gəlir və müəyyən mənada lüks hesab olunur. Azərbaycanda isə alternativ nəqliyyat imkanlarının məhdud olması və insanların əksəriyyətinin uzun məsafələr qət etməsi şəxsi avtomobildən asılılığı artırır. Bakı şəhərinin mərkəzində müəyyən irəliləyişlər olsa da, metro xətlərinin genişləndirilməsi və digər nəqliyyat imkanlarının artırılması vacibdir. Bu problemlər həllini taparsa, insanların şəxsi avtomobildən gündəlik istifadə ehtiyacı da azala bilər. Digər tərəfdən, yaxın məsafələrə gedərkən şəxsi avtomobildən istifadə etməkdənsə, bir neçə manat ödəyərək taksidən yararlanmaq daha sərfəli ola bilər. Çünki avtomobillə gedən şəxs həm parkinq yeri tapmalı, həm də əlavə xərcləri nəzərə almalıdır. Bu çətinliklər isə getdikcə artır. Bununla belə, əsas problem insanların uzun məsafələr qət etmək məcburiyyətində qalmasıdır. Belə məsafələrdə taksidən istifadə də hər zaman sərfəli olmur. Hətta taksi sürücüləri də bildirirlər ki, yaxın məsafələrə sifarişlər onlara daha çox qazanc gətirir. Çünki qısa məsafələrdə bir neçə sifariş qəbul edərək daha rahat gəlir əldə edə bilirlər. Uzun məsafələrdə isə geri qayıdarkən müştəri tapmaq çətinləşir və əldə olunan məbləğ sərfəli olmaya bilər.
Ümumilikdə, avtomobilin olması normaldır. Lakin insan hər gün işə gedib-gəlmək üçün şəxsi avtomobildən istifadə etməyə məcburdursa, bu, onun aylıq xərclərini əhəmiyyətli dərəcədə artırır".


