YapiKredi Müraciət Forması
Özəl Dünya

Yaxın Şərqdə yeni müharibə başlayacaq?

Yaxın Şərqdə yeni müharibə başlayacaq?

Mossad direktoru Roman Qofmanın ABŞ-də olduğu bildirilir. Onun səfərinin gizli həyata keçirildiyi, bu barədə isə hələlik rəsmi məlumat verilmədiyi qeyd olunur. Səfərin məqsədi açıqlanmasa da, onun İranla bağlı regional vəziyyət və mümkün hərbi əməliyyatlarla əlaqəli olduğu ehtimal edilir.

ABŞ-də səsləndirilən versiyalardan birinə görə, İsrail lobbi imkanlarından istifadə edərək Vaşinqton administrasiyasına İrana qarşı yeni hücumlara başlanması üçün təzyiq göstərir. Bu ehtimallar fonunda regionda hərbi hazırlıqların genişləndirilməsi də diqqət çəkir. ABŞ-nin Yaxın Şərqdəki hərbi qüvvələrinin sayını artırdığı, hərbi təyyarələrin döyüş hazırlığı vəziyyətinə gətirildiyi bildirilir.

Bundan başqa, SEPAH-ın Bəhreyndə ABŞ hərbi bazasına məxsus radar sistemini vurduğunu əks etdirən görüntülər də yayılıb. Bütün bunlar regionda hərbi-siyasi vəziyyətin gərgin olaraq qaldığını göstərir.

ABŞ Prezidenti Donald Trampın açıqlamalarında isə ziddiyyətli məqamlar diqqət çəkir. O, bir tərəfdən hərbi əməliyyatların yenidən başlaya biləcəyini istisna etmir, digər tərəfdən İranla danışıqların və diplomatik həll imkanlarının mövcudluğunu vurğulayır. Bu səbəbdən Vaşinqtonun konkret mövqeyi hələ də tam aydın deyil.

Demokrat.az-a bu barədə danışan politoloq Rəşad Bayramov bildirib ki, Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin yenidən gərginləşməsi təbii olaraq ABŞ, İsrail və İran arasında qarşıdurmanın yeni mərhələyə keçə biləcəyi ilə bağlı narahatlıqları artırır:

Yaxın Şərqdə yeni müharibə başlayacaq?

"Xüsusilə Mossad direktoru Roman Qofmanın ABŞ-yə səfəri və Vaşinqtonda yüksək səviyyəli təhlükəsizlik rəsmiləri ilə keçirdiyi görüşlər bu baxımdan diqqətçəkicidir. Yayılan xəbərlərdən məlum olur ki, Qofman CIA direktoru Con Retkliff və Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoffla İran məsələsini müzakirə edib. Mossad, CIA və Ağ Ev səfərlə bağlı rəsmi açıqlama verməsə də, görüşlərin İsrailin İrana qarşı yeni hərbi əməliyyatlarla bağlı mövqeyini Vaşinqtona çatdırmaq məqsədi daşıdığı ehtimal edilir".

Politoloq vurğulayıb ki, səfərin əsas diqqətçəkən tərəfi Netanyahu hökumətinin ABŞ administrasiyasını İrana qarşı daha sərt mövqe tutmağa təşviq etməsidir:

"İsrail hesab edir ki, əvvəlki hərbi əməliyyatlar İranın müəyyən hərbi imkanlarını zəiflətsə də, Tehranın raket potensialı, nüvə proqramı və regional təsir imkanları ilə bağlı təhlükələr tam aradan qalxmayıb. Buna görə də Təl-Əviv hərbi təzyiqin davam etdirilməsini təhlükəsizlik strategiyasının mühüm elementi kimi nəzərdən keçirir. Lakin Vaşinqtonun mövqeyində fərqli yanaşmalar müşahidə olunur. Donald Tramp bir tərəfdən İrana qarşı yeni zərbələr ehtimalını istisna etmir, digər tərəfdən isə hərbi qarşıdurmanın genişlənməsinin ABŞ-nin siyasi və iqtisadi maraqlarına vura biləcəyi zərəri də nəzərə alır. Trampın son açıqlamasında İran və husilər tərəfindən yeni təxribatlar olmadığı halda əlavə hücumlardan çəkinməyi nəzərdən keçirdiyini bildirməsi də bunun göstəricisidir.

Bununla belə, ABŞ-nin istənilən ssenariyə hazırlıq görməsi də diqqətçəkicidir. Bildiyimizə görə, ABŞ yeni hərbi əməliyyat ehtimalına hazırlıq məqsədilə üçüncü aviadaşıyıcı zərbə qrupunun regiona göndərilməsini də nəzərdən keçirir. Regiondakı gərginliyin digər göstəricisi İranın Bəhreyndəki ABŞ hərbi infrastrukturuna qarşı hücum iddiasıdır. Noyabrın 13-də SEPAH ABŞ-nin erkən xəbərdarlıq radarını məhv etdiyini açıqlasa da, ABŞ Mərkəzi Komandanlığı iki İran dronunun ələ keçirildiyini və hərbi obyektlərə zərər dəymədiyini bildirib. Noyabrın 15-də isə İran yenidən Bəhreyndəki radar sisteminə dron hücumu həyata keçirdiyini iddia edib. Bu məlumatlar qarşılıqlı hərbi təzyiqin davam etdiyini göstərir. Belə şəraitdə yeni hərbi əməliyyat riski də artır. Bu baş verərsə, müharibənin nəticələrinin əvvəlki qarşıdurmadan daha geniş olacağına şübhə yoxdur. İranın cavab zərbələri İsrail ərazisi, Fars körfəzindəki ABŞ hərbi obyektləri, enerji infrastrukturu və beynəlxalq gəmiçilik marşrutları ilə məhdudlaşmaya bilər. Tehran artıq bununla bağlı ən yüksək səviyyədə xəbərdarlıq da edib. Odur ki, hazırkı vəziyyətdə müharibənin mütləq başlayacağını söyləmək çətindir. Lakin istənilən təxribat və ya yanlış hesablama yeni hərbi eskalasiyaya səbəb ola bilər. Hazırda Vaşinqtonun diplomatik imkanları qorumaq istəyi, regional dövlətlərin təmkin çağırışları və mümkün müharibənin iqtisadi xərcləri mühüm məhdudlaşdırıcı amillərdir.

Bununla yanaşı, ABŞ və İsrailin təhlükəsizlik prioritetləri də nəzərə alınmalıdır. Başqa sözlə, yeni müharibənin başlayıb-başlamayacağı indi böyük ölçüdə Tehranın atacağı addımlardan asılıdır. Əgər İran bir sıra istiqamətlərdə, xüsusilə nüvə proqramı ilə bağlı kompromisə hazır olsa və ən azı Hörmüz boğazı istiqamətində razılaşma əldə edilsə, bu, qarşı tərəflər arasında diplomatik razılaşma imkanlarını artıra bilər. Əks halda, Yaxın Şərq yenidən genişmiqyaslı hərbi qarşıdurma təhlükəsi ilə üz-üzə qala bilər".